Məhkəmə qərarları › İş №3(009)-3065/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3065/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3065/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, ölçmə işlərinin aparılması ilə bağlı əvvəlcədən məlumat verilməmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə aid olan “Spar” marketin havalandırma sisteminin fəaliyyəti zamanı XKEMİ-nin mütəxəssisləri tərəfindən səsküyün müəyyənləşdirilməsi məqsədilə ölçmə işləri aparılmış, ölçmə işləri zamanı səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olmuşdur. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixli, № 094449 aktdan görünür ki, monitorinq ölçmə işləri Şəxs MMC-yə aid olan “Spar” marketi fəaliyyətdə olan zaman şikayətçilərin yaşadığı binanın iaşə obyektinin arxa tərəfində PCF-322 A səyyar cihazı vasitəsilə aparılan ölçmənin nəticələrinə görə həmin ərazidə səs-küy çirklənməsi 65,3 dBA (norma- 60,00 dBA) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 094449 aktdan görünür ki, X4 tərəfindən Nazirliyin “Çağrı Mərkəzinə” Bünyad Sərdarov küçəsində fəaliyyət göstərən “Spar” marketin havalandırma sisteminin generatorlarının yüksək səs-küyü sakinləri narahat etdiyi bildirilmişdir. Ətraf mühitə yayılan səs-küyün ölçülməsi ilə əlaqədar ölçmə analiz işləri aparılmış, aparılan ölçmə analiz işləri zamanı ətraf mühitdə yayılan səs-küyün səviyyəsi ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu müəyyən olunaraq xx.xx.2025-ci il tarixli 094449 nömrəli monitorinq aktı tərtib olunmuşdur. Ölçmə-analizin nəticəsi iaşə obyektinin menecerinə təqdim olunsa da, həmçinin iştirak etsə də, monitorinq aktına imza etməkdən imtina etmişdir. Qeyd olunanlarla bağlı iaşə obyektinin menecerinə “ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy edilməsi “normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının tələblərinin pozulduğu izah olunmuş, aşkar olunmuş faktla bağlı akt tərtib olunacağı bildirilsə də, aktın tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, cihazı vasitəsilə aparılan ölçmənin nəticəsində səs-küyün ölçüsü 65,3 dBA (desibel) olduğu müəyyən edilmişdir. Göründüyü kimi Şəxs MMC-yə aid olan “Spar” marketin fəaliyyəti zamanı səs-küy vibrosiyanın normadan artıq olması faktı iş materiallarında olan Akt, monitorinq aktı və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri” Normalarının: 1.3-cü bəndinə görə bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. 2.3-cü bəndinə görə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir (cədvələ əsasən maksimal səviyyə 60 dBA). Həmin fərmanın “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” adlı 1-ci cədvəlin 16-cı bəndində göstərilir ki, mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs-küyün səs təzyiqinin maksimal səviyyə həddi 60dBA-dır Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 128-130 və 275.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinərək barəsində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar