Məhkəmə qərarları › İş №3(009)-307/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-307/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-307/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru polis polkovnik-leytenantı Qabil Kərimovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Zaqatala rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Dəmirçi Plazada nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 01 mart 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 01 mart 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində, Səbail rayonu ərazisində ictimai asayişi pozmuş, xanımları narahat etmiş və bölməyə gətirilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru polis polkovnik-leytenantı Qabil Kərimov inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, 39-cu PB-də məsul növbətçi olduğu zaman, xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində polis əməkdaşları Səbail rayonu ərazisində bir nəfər şəxsin xanımı narahat etdiyini görmüş və ona yaxınlaşıb bölməyə dəvət etmişlər. Bu zaman o, polisin qanuni tələbini pozaraq öz etirazını bildirmiş, PB-nə gətirdikləri zaman onun X2 olduğu məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində, o öz maşını ilə hərəkət edirmiş, içəri şəhərin yolu daşlı olduğundan sürəti azaltmalı olmuş və bu zaman həmin yolla gedən bir xanımın ona baxaraq güldüyünü görmüşdür. Xanım bu hərəkəti bir neçə dəfə etdiyi üçün o, döngəni dönərək maşını saxlamış, sonra xanıma yaxınlaşmışdır. O, xanıma gedib hardasa kofe içməyi təklif etmiş, bu zaman xanım ona işi ilə məşğul olmağı məsləhət görmüş və o bu cavabdan sonra öz maşınına qayıtmış və maşınının yanında mülki geyimdə bir neçə nəfər olduğunu görmüş və həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək, onun banka borcu olduğu üçün axtarışda olduğunu bildirmişlər. O isə iki bankda krediti olduğunu və ikisinin də vaxtında ödənildiyini bildirmişdir. Polis əməkdaşları bu məsələni aydınlaşdırmaq üçün ona postpatrul maşınını gözləməsini, əgər axtarışı olmadığı halda sərbəst buraxılacağını söyləmişdir. Postpatrul maşını gəlmiş, lakin orda da problem həll edilə bilmədiyi üçün o, bölməyə dəvət olunmuşdur. Bölməyə çatdıqda isə ona artıq ictimai asayişi pozmaqdan tutulduğu bildirilmişdir. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, buna lüzum da olmamışdır. Eyni zamanda, o, xanıma qarşı da hər hansı qanuna zidd hərəkət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində, o, şəhərdə hərəkət edən zaman bir nəfər şəxs maşın ilə ona tərəf yaxınlaşmış sonra isə döngəni dönərək maşını saxlamışdır. Həmin şəxs ona kofe içməyi təklif etmişdir. O uca səslə həmin şəxsə öz işi ilə məşğul olmağını bildirmiş və bu zaman mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq polis işçiləri olduqlarını söyləmiş, həmin şəxsdən şikayətçi olmasını soruşmuş, o isə şikayətçi olmadığını bildirərək öz yoluna davam etmişdir. Hal-hazırda həmin şəxsdən şikayətçidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir, İXM-nin 535.1ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28 fevral 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində, Səbail rayonu ərazisində ictimai asayişi pozmuş, xanımları narahat etmiş və bölməyə gətirilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 23:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun polis işçisilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 100 (yüz) manat inzibati cərimə tətbiq edilməli, həmçinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 01 mart 2023-cü il tarixdə, saat 23:00 radələrində inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq inzibati cərimənin məbləğindən 1/4 hissəsi çıxılmalı və o cərimənin 1/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 100 (yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilməli və üzərində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulması nəzərə alınaraq barəsində tətbiq edilmiş 100 (yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilsin və üzərində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar