Məhkəmə qərarları › İş №3(009)-311/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-311/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-311/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 16 fevral 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə, saat 04:35-də Səbail rayonu, Gülbala Əliyev küçəsində TOYOTA PRİUS (HİBRİD) minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokola etiraz etməyərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsi X3 İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/3641 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 16 fevral 2023-cü il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyası 0,839 promil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlanmış izahatından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs 16 fevral 2023-cü il tarixində TOYOTA PRİUS (HİBRİD) minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu G.Əliyev küçəsində hərəkətdə olarkən YPX inspektoru polis baş serjantı X1 tərəfindən saxlanılmışdır. Onunla ünsiyyət zamanı nəfəsindən kəskin alkoqol iyi gəldiyindən tibbi müayinədən keçmək təklif olunmuşdur. Belə ki, işə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 2/3641 nömrəli Akta əsasən həkim-narkoloq tərəfindən aparılmış müayinə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs qanında alkoqolun konsentrasiyası 0,839 promil olması öz təsdiqini tapmışdır. Göründüyü kimi Şəxs şüurlu şəkildə alkoqoldan istifadə edərək qəsdən avtomobili idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Yol nəqliyyat hadisələrinin təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. İçki insanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmış ani vəziyyətdən çıxış yolu tapmasına mane olur. Şərh olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs 16 fevral 2023-cü il tarixdə, saat 04:35-də Səbail rayonu, Gülbala Əliyev küçəsində TOYOTA PRİUS (HİBRİD) minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8)ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar