Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3129/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Mikayılova Şəbnəm Faiq qızının katibliyi ilə, “Topaz İnvestments Limited" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 03 dekabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-13498/2025 saylı məktubu ilə tələb edilən sənədləri (2024-cü ilin nəticələrinə görə emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2025-ci il tarixdə törədilmişdir. Nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış 6-1-26/2-13498/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107- 1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Eyni zamanda bildiririk ki, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2024-cü ilə dair emitentin illik hesabatını 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməyiniz xahiş olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilərsiniz. Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1-26/3-11436/2025 saylı, 27 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolların tərtibi məsələsinə baxılmasına dair cədvəldə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti də (VÖEN:**********) qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Topaz İnvestments Limited" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-nin 548.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 1641, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-3129/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3129/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver