Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3132/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, şikayəti xx.xx.2025-ci il saat 15:04 tarixində tərtib olunmuş protokolla bağlıdır. Belə ki, maşını saxladığı yer dalana dirənmiş yerdir, yəni həyətdir. Orada bütün avtomobillər dairəvi şəkildə dayanır, o isə maşının içərisində oturaraq yoldaşını gözləyirmiş. Orada heç bir xətlənmə və dayanma-durma nişanları yoxdur. Əgər dayanacağa görə cərimə tətbiq edilibsə bu hal maksimum 20 (iyirmi) AZN təşkil etməlidir. Lazım olarsa həmin vəziyyətlə bağlı video görüntüləri də təqdim edə bilər. Video görüntülərdə də aydın şəkildə görünür ki, bu xətalar bilərəkdən törədilmiş xətalar deyil. X4 müsahibəsində dediyi kimi, qanunla dünya praktikasına əsaslanaraq yazılır, lakin bizim milli dəyərlərimiz də mövcuddur. Hər hadisəyə milli mentalitetimizə uyğun nəzər yetirib qiymətləndirmək lazımdır. Möhtərəm Hakim, yəqin eşitmisiniz, ABŞ-da məşhur hakim Frank Kaprio var, onun yaşlılara və imkansızlara necə mərhəmətlə yanaşdığını şahidi oluruq. Xahişi budur ki, bu dəyərləri nəzərə alaraq, yaşını, əlilliyini və ata-anasını qəbirstanlıqda ziyarət etdikdən sonra fikirlə hərəkət etdiyini nəzərə alaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, heç bir qayda pozuntusuna yol verməmişdir. Maksimum dayanma-durma qaydalarının pozulmasına görə 20 manat yazıla bilərdi. Lakin hazırkı qərarla 80 manat cərimə yazılmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş Dövlət Yol Polisi İdarəsinin göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 15:04-də Bakı şəhəri, Bülbül Prospektində “Mini Cooper minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, çopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və durması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:04-də “Mini Cooper minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bülbül prospektində olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin sürücüsü X2 tərəfindən qayda pozuntusuna yol verilib-verilmədiyi hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 32288753 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-3132/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3132/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver