Məhkəmə qərarları › İş №3(009)-3153/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3153/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3153/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Mikayılova Şəbnəm Faiq qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 04 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditin aparılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 11 dekabr 2025-ci il tarixində Şəxsnə bildiriş ünvanlanaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu, inzibati xəta haqqında icraatın başlanılmasının səbəbi kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli, MN № ******* nömrəli protokolun çıxış etməsi, işin baxılmasının xx.xx.2025-ci il, saat 09:55 tarixində təyin edildiyi barədə məlumat verilmişdir. Protokolda və əlavə edilən sənədlərdə iddia edilir ki: (1) Cəmiyyət 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmış və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; (2) Nazirlik tərəfindən Cəmiyyətə 24 noyabr 2025-ci il tarixində 3-23/2-9645/2025 nömrəli bildiriş ünvanlanmış və inzibati xəta haqqında işə 4 dekabr 2025-ci il, saat 17:40 tarixində Nazirliyin Uçot siyasəti şöbəsində baxılması ilə bağlı bildiriş göndərilmişdir. Etirazın dəlilləri və müvafiq əsaslar İlkin olaraq bildirmək zəruri olmuşdur ki, Nazirlik tərəfindən göndərildiyi iddia edilən 3-23/2-9645/2025 nömrəli bildiriş Cəmiyyətə göndərilməmiş və təhvil alınması mümkün olmamışdır. Məlum olduğu üzrə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsində imperativ tələb kimi MMC-nin (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlanılması üçün hər il müstəqil auditor (kənar audit) cəlb edilməli olduğu nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qanunverci, istinad edilən müddəada “mikro və kiçik sahibkarlıq subyektlərini” istisna etmişdir. Təəssüf hissi ilə bildiririk ki, Nazirlik tərəfindən tərtib olunmuş protokola Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2- 462/2025 nömrəli məktubu ilə təqdim olunmuş 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn təşkilati-hüquqi forması ASC, QSC və MMC olan hüquqi şəxslər barəsində məlumatda Şəxs də daxil olduğu müvafiq Çıxarış qoşma edilmişdir. Mövcud yanlışlıqla əlaqədar, tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə 15 dekabr 2025-ci il tarixində müvafiq müraciət ünvanlanmaqla baş vermiş yanlışlıqların aradan qaldırılması, Cəmiyyətin kiçik sahibkarlıq subyekti olmasının təsdiq edilməsi və bununla bağlı mövcud mübahisənin həllinə dair aparılmış araşdırmalar barəsində Nazirliyə və Cəmiyyətə məlumat verilməsi xahiş edilmiş, lakin müvafiq cavab hələki əldə edilməmişdir. Mübahisələndirilən Çıxarışda Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin 28 dekabr 2018-ci il tarixli **********500900 nömrəli Əmri ilə təsdiq edilmiş nümunəvi formaya müvafiq olaraq hazırlanmış “Mənfəə vergisinin bəyənnaməsi”nin İİ bölməsində (“Verginin hesablanması”, “Hesabat dövrünün gəlirləri”) “Göstəricilər” başlığında “216. Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” hissəsinin qarşısında “633,185.43 AZN” qeyd edilmiş, çıxılmalardan sonra ümumi gəlir 3,392,196.07 manat olaraq hesablanmışdır. Halbuki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin №556, 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarının qeyd hissəsinə əsasən, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Bu zaman, “ümumi gəlir”dən “vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri” çıxıldıqdan (3,392,196.07 - 633,185.43) sonra geriyə 2,759,010.64 manat qalmaqdadır. Bu isə özlüyündə “orta sahibkarlıq subyektləri”nin ölçü meyarı qismində çıxış edən 3,000,000.00 (üç milyon) manat məbləğində həddin aşılmadığını göstərir. Əlavə olaraq, 2022-2025-ci illər aralığında verilmiş bəyənnamələr, habelə İnternet Vergi İdarəsinin müvafiq Sistemində əks olunan “elektron kabinet”də yerləşən “əsas məlumatlar” tabında göstərilmiş “Sahibkarlıq subyektinin meyarı: Kiçik sahibkar” qeydi Cəmiyyətin “orta və ya iri sahibkarlıq subyekti” olmadığını təsdiq edir. Məlum olduğu üzrə, bu cür yanlışlıqlar sahibkarlıq subyektlərinin uğurlu fəaliyyətini davam etdirməsinə mane olmaqla onun müştərilər qarşısındaki işgüzar nüfuzunu zədələyə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Odur ki, qeyd edilənlərdən aydın olduğu üzrə Cəmiyyət tərəfindən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma halı olmamışdır və inzibati xəta tərkibinin subyektiv cəhəti tamamlanmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 etiraza uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 24 noyabr 2025-ci il tarixli 3-23/2-9645/2025 nömrəli bildirişdən görünür ki, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə baxılmaq üçün dəvət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli məktubundan görünür ki, 2023-cü il göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun hazırlanmış cədvəldə Şəxs MMC-də qeyd edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının çıxarışından görünür ki, Şəxs MMC 2023-cü il üzrə audit yoxlamasından keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs sahibkarlıq subyektinin meyarı “Kiçik sahibkar” qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs sahibkarlıq subyektinin meyarı “Kiçik sahibkar” qeyd edilmişdir. Məhkəmə yuxarıdan qeyd olunan normaları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC kiçik sahibkarlıq subyekti olduğundan “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 04 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 04 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar