Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3163/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilənəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMC–nin nümayəndəsi və direktoru Nümayəndə2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş sənəddə İTAC MMC adı, İNVESTAZ MMC adları, eyni zamanda vətəndaş X1, X3 adları qeyd edilib. Yazaraq məlumat verirəm ki, adları çəkilən bu qurum və şəxslərin heç biri ilə şəxsi tanışlığım və məlumatım yoxdur. Eyni zamanda təqdim edilən məlumatlar qarışıq və əsassızdır. Məktubda Şirkət ünvanına Azərpoçt vasitəsilə məktub göndərildiyi və eyni zamanda Zoom online platforması ilə video zəngə dəvət edildiyi qeyd edilib və dəvət linki göstərlib. Yenə də məktubda mənim adımla yanaşı başqa MMC adı çəkilir və məktub formatı qarışıqdır. Eyni zamanda yazaraq məlumat verirəm ki, biz Azərpoçt vasitəsilə hansısa məktub almamışıq. Məktubda isə Azərpoçt vasitəsilə məktubunun çatdırıldığı, lakin lazım olan sənədlərin təqdim olunmadığı qeyd edilib. Qeyd edilən məlumat həqiqəti əks etdirmir, məktub təhvil alınıbsa yəqin ki hansısa imza olmalıdır təhvil götürüldüyü zaman. Mənim izahatım və təqdim etdiyim məlumatlar nəzərə alınmayıb və ümumiyyətlə İTAC MMC dən kiməsə məlumat verilməyib. Məlumat olaraq qeyd edim ki, İTAC şirkəti əsasən gördüyü işlərdə subpodrat prinsipi ilə işləri icra edir. Yəni hansısa işlər subpodtara Şirkət və ya Fiziki şəxsə verilir və İTAC əsasən birbaş vətəndaşlarla kontaktda olub əmək müqaviləsi bağlamır. Yəni işləri icra etmək istəyən və ya subpodrata götürmək istəyən şəxs olduqda ona fiziki şəxs kimi qeydiyyatdan keçmək yaxud öncədən mövcud olan fiziki şəxs VÖEN ilə müqavilə bağlamaq tələb olunur. Bu formada vergi və sosial ödəmələr şəxsin özü tərəfindən qarşılanır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMCnin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC-yə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2- 105183/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub vətəndaş X1 tərəfindən göndərilən müraciətə dair məlumatların 7 (yeddi) iş gün müddətində DƏMX-ə verilməsi tələb olunmuşdur. İş materiallarında olan Şəxs MMC-yə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17-5/2- 73586/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub vətəndaş X3 tərəfindən göndərilən müraciətə dair məlumatların 7 (yeddi) iş gün müddətində DƏMX-ə verilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-3163/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3163/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver