Məhkəmə qərarları › İş №3(009)-323/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-323/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-323/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X3 protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X3 protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 iyul 2024-ci il tarixdə özünə məxsus "Toyoto corollo minik" markalı **-XD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri Səbail rayonu Puşkin küçəsi istiqamətindən hərəkətdə olarkən yol polisi əməkdaşı saxlayaraq yol hərəkəti qaydalarını (3.1 giriş qadağandır nişanının tələbini) pozduğunu bildirərək barəsində protokol tərtib edəcəyini bildimişdir. Yol polisi əməkdaşına giriş qadağandır işarəsinin mövcud olmadığını, hər kəsin həmin istiqamətdə hərəkət olduğunu demişdir. Polis əməkdaşı isə onunla aqressiv danışıq nümayiş etdirərək barəsində qanunsuz olaraq X3 protokol tərtib etmişdir. Tərəfindən şikayətə əlavə edilmiş videodan da göründüyü kimi həmin ərazidə giriş qadağandır işarəsi mövcud deyildir. Bütün bunlar araşdırmanın qərəzli olduğunu və düzgün aparılmadığını təsdiq edir. Hətta barəsində tərtib edilmiş protokolu aylardır tələb etməyinə baxmayaraq rəsmi qaydada verilmirdi. "102" qaynar xəttinə şikayət etdikdən sonra nəhayət xx.xx.2025-ci il tarixdə mübahisəli qərarı əldə edə bilmişdir. Polis əməkdaşı süni maneələrlə şikayət verməyinin qarşısın almağa çalışırdı. Hərəkət etdiyi yolda giriş qadağandır işarəsi mövcud olmadığı üçün AR İXM-nin 327.2-ci maddəsinə qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, tərtib edilmiş İXP ******* saylı X3 Protokolun 10 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 10:41-də Səbail rayonu, Puşkin küçəsi ərazisində “Toyota Corolla minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “giriş qadağandır” yol nişanının tələblərini pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, X2 inzibati xətanın baş verdiyi yeri göstərir. İş materiallarına əlavə edilmiş digər videogörüntüdən müəyyən edilir ki, “Giriş qadağandır” işarəsinin olmasına baxmayaraq X2 “Toyota Corolla minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələblərini pozaraq hərəkət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 10:41-də Səbail rayonu, Puşkin küçəsi ərazisində “Toyota Corolla minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “giriş qadağandır” yol nişanının tələblərini pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X3 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X3 iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X3 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, X3 protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən X3 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X3 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili Səbail rayonu, Puşkin küçəsi ərazisində “Toyota Corolla minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli X3 iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar