Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-330/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X1 Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1970-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli, MN1475636 saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 09 mart 2023-cü il tarixli, MN1475636 saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-5369/16 saylı icra sənədini borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 09 mart 2023-cü il tarixli, MN1475636 saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)- 5369/16 saylı icra sənədinə əsasən X5 ilə Şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”yə əsasən 30.000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti Şəxs tutulub X3 verilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Tələb olunan pul vəsaitinin ödənilməsini təmin etmək məqsədilə borclunun vəziyyətini öyrənmək üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, borclunun adına tələbin yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Sonrakı müddət ərzində borclu Şəxs xx.xx.2018-ci il tarixdə 2000 (iki min) manat tələbkara ödəniş etmişdir. Borclunun ünvanına xəbərdarlıq məktubu çağırılaraq şöbəyə dəvət edilmiş, lakin o, bu çağırışlara məhəl qoymamışdır. Səbail Rayon Məhkəməsinin 8 (009)-74/2018 saylı, xx.xx.2018-cı il tarixli qərardadına əsasən borclunun məcburi gətirilməsi ilə bağlı təqdimat təmin edilmiş və icra olunması üçün xx.xx.2018-ci l tarixdə Səbail rayon Polis idarəsinə göndərilmişdir. Səbail RPİ tərəfindən daxil olmuş xx.xx.2018-ci il tarixli məktuba əsasən borclu Şəxs barəsində xx.xx.2018-ci il tarixdə 20786/18 nömrəli axtarış işinin açıldığı qeyd olunmuşdur. Borclunun məcburi gətirilməsinin icrası ilə bağlı Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən daxil olmuş məktubda Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün onun olduğu yeri müəyyən etmək mümkün olmadığını, icra tədbirlərinin davam etdirildiyini və nəticəsi barədə məlumat veriləcəyi qeyd olunmuşdur. Həmçinin borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, Səbail Rayon Məhkəməsinin 8(009)-757/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış və qərardad icra edilməsi üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Borclu tərəfindən Səbail rayon icra şöbəsinin depozit hesabına ödənilən 1300 manat pul vəsaiti tələbkarın hesabına əlavə olaraq xx.xx.2021ci il tarixdə ödənilmişdir. Aparılmış tədbirlər nəticəsində borclu Şəxs Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Şöbədə ondan icra sənədinin icrası ilə bağlı izahat alınmışdır. O, verdiyi izahatında icra sənədində göstərilən borc məbəğini tam şəkildə ödəyə bilmədiyini yalnız hissə-hissə hər ay 200-300 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Borclu tərəfindən təqdim etdiyi ödəniş qəbzlərindən məlum olmuşdur ki, o müxtəlif tarixlərdə tələbkara 2300 manat pul vəsaiti ödəmişdir. Bu günə olan qalıq borc 40000 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 2017-ci ildən bugünədək tələbkara 11.000 (on bir min) manat ödəniş olunmuşdur. Sonuncu ödəniş 10 may 2022-ci il tarixdə 1.000 manat ödəniş olmuşdur. Bu günə olan qalıq borc 40.000 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-5369/16 saylı qərarına əsasən zərərçəkmiş X3 “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”yə əsasən 30.000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti ödəməlidir. Zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq işləmədiyi üçün icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Qalıq borcu tam şəkildə deyil, yanlızca hissə-hissə şəkildə ödəyə biləcəyini bildirmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs ilə aralarında qarşılıqlı razılaşmaya əsasən onun tərəfindən borc məbləğinin xeyli hissəsinin ödənilməsi üçün xx.xx.2023-cü il tarixədək ona vaxt verir və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-5369/16 saylı qətnamə ilə X5 ilə Şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”yə əsasən 30000 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti Şəxs tutulub X3 verilməlidir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan 06 oktyabr 2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-5369/16 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)- 5369/16 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-5369/16 saylı icra sənədinə əsasən yaranmış qalıq 40.000 manat borc, borclu tərəfindən maddi durumunun pis olması səbəbindən- işləmədiyi üçün yaranmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-330/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-330/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver