Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-330/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbini pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 (xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinədək nəzarətçi vəzifəsi üzrə) işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbini pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X8 (xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinədək nəzarətçi vəzifəsi üzrə) işlərin yerinə yetirilməsinə cəlb edildiyini, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, bununla bağlı şəxsin özünün izahatı, digər şəxslərin izahatı və ekran şəkilləri bu faktı təsdiq etdiyini, sistemə baxış zamanı müəyyən olunduğunu, həmin tarixdə müqavilə bağlanmadığını, əsas sistemdə əmək müqaviləsinin olmalı olduğunu, sənədlər Şəxs MMC tərəfindən təqdim edilsə idi qəbz olmalı olduğunu, yazılı müqavilənin yalnız ASAN imza ilə sistemdə təsdiqləndiyi halda əhəmiyyətinin olduğunu, whatsapp yazışmalarının əslini göstərib sübut edilə bilindiyini, Ağası Cavidin 15 gün əvvəldən işlədiyini, telefona baxış keçirildiyini, Cavidin telefonda Rəşadla danışıqlarının olduğunu, hətta ona əvvəlcədən ayaqqabının alındığını, ”LOCK SERVİCE” MMC-nin sənədi saxtalaşdırdığını, 130 nəfərin olduğu qrubda yazışmaların olduğunu, maaşını da Rəsulov Rəşadın verdiyini, bu səbəblərə görə də hüquqi şəxs barəsində protokol tərtib olunduğunu bildirmişdir və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə protokolla razı olmadığını, inzibati xəta törədilmədiyini, F1 yarışları üçün işlər iyun ayının 15-dən sonra başladığını, Şəxs sentyabr ayının sonuna qədər işçi lazım olduğunu, quraşdırıldıqdan sonra çox işçiyə ehtiyyac olmadığını, şahidlərin və maddi sübutların qeyri-müəyyən olduğunu, yazışmalarda nömrənin görünmədiyini, bu səbəbdən də sübut kimi hesab olunmamalı olduğunu, bu məsələ ilə bağlı Əmək Müfəttişliyinin pozuntu tapmadığını, Cavidin ora gəlməsi, işləməsi tarixlərinin düzgün olmadığını, Cavidin şantaj xarakterli şirkətə gəlib “əlavə olaraq 1 ay üçün pul verməlisiniz yoxsa şikayət edəcəm” dediyini, bu məsələ ilə razılaşmadığımıza görə işin bu yerə gəlib çıxdığını, bu insanların xüsusi seçilmiş insan olduğunu, şahidlərin dinlənilməli olduğunu, Rəsulov Rəşadın rayonda məzuniyyətdə olmasına dair şəkillər olduğunu, whatsappda nömrənin dəyişildiyini, şirkətə qarşı təxribat olunduğunu, Rəşad Şəxs MMC-nin işə götürəni olmadığını, onun bu cür səlahiyyətlərinin olmadığını, Şəxs MMC-nin öz direktorunun və işə götürənin olduğunu, şahidin də qeyd etdiyi kimi onu küçədə qəbul etdiyini, işə götürüldüyünü, Şəxs MMC-nin orada ərazilərə nəzarət fəaliyyəti ilə məşğul olduğunu, Cavidin göstərdiyi Varşava nömrəsinin özünə aid olmasını sübut edə bilmədiyini, Cavidin iddia etdiyi Qədir müəllimin nömrəsinin öz adına çıxmadığını, Rəşadın işə götürmə ilə əlaqəli səlahiyyətlərinin olmadığını, prokurorluğun səthi yanaşma ilə işə yanaşdığını, hazırki sübutlara görə Şəxs MMC barəsində inzibati tənbehin tətbiq edilməli olmadığını, onun törətdiyi əməldə inzibati xəta tərkibinin olmadığını, Şəxs MMC-yə aid olmayan şəxslər tərəfindən işə götürüldüyünə görə protokolun düzgün tərtib olunmadığını, Ağası Vasifin öz ərizəsi və imzası ilə 15 iyul tarixində işə qəbul olunduğunu, whatsapp danışıqlarının da sübut kimi qiymət verilməməli olduğunu və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 2023-cü ildən Şəxs MMC-də işlədiyini, Cavidi tanımadığını, hadisə vaxtlarında işdən çıxdığını, prokurorluqda izahat verdiyini, yazışmaların ona göstərildiyini, o yazışmaların ona aid olmasını xatırlamadığını, Cavid gələrkən digər işçilərin də çox gəldiyi üçün onu xatırlamadığını, ona təzyiq göstərilmədiyini, izahatı bilmədən imzaladığını, prokurorluğa şahid kimi çağırıldığını, prokurorluqda da Cavidi tanımadığını bildirdiyini, yazışmalar göstərilən zaman şəkil formasında olduğunu, orada nömrənin görünmədiyini, Cavidlə ola bilsin ki, ancaq qrubda yazışdığını, 28 iyun tarixində rayonda istirahətdə olduğunu, işçilərlə müqavilənin ildə 1-2 dəfə bağlanıldığını, işçilərin həmin vaxt sadəcə 1-2 aylıq işə götürüldüyünü, 28 iyun tarixində Bakıda olmadığını, araşdırma zamanı olan izahatını təsdiq etmədiyini, sənədi oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 işə gələnin şəxsiyyət vəsiqəsi alınaraq müqavilə bağlanıldığını, Ağası Cavidi ola bilsin ki, görsün amma tanımadığını, telefonda qrubun olmadığını, prokurorluğa dəvət olunduğunu, orada şəklini göstərərək yazışma olduğunu, Cavidlə yazışmasının olmadığını, o ekran şəkillərinin ona aid olmadığını, Ağası Cavid 15 iyun 2025-dən əvvəl Şəxs MMC-də işləmədiyini, izahatı bilmədən imzaladığını, izahatda yazılanları özünün yazmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən X6 özünün 2 ilə yaxın müddətdir Şəxs MMC-də işlədiyini, iyul ayında Cavidin şirkətdə işlədiyini, xaricdə oxumalı olduğu üçün işdən çıxdığını, prokurorluğa dəvət olunduğunu, oradakı izahatında Cavidin yay ayında işlədiyini, əsas işin ərazinin mühafizəsi olduğunu, əvvəlcədən işə götürəcəyimiz şəxslə danışıldığını, bu müddətin də 3-5 gün öncədən olduğunu, Cavidlə yazışmasının olmadığını, izahatını imzaladığını, amma oxumadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən X8 Şəxs MMC-yə müraciət etdiyini, Hökumət evi ərazisində postda olduğunu, iyun ayının 28-dən iyulun axırına kimə işlədiyini, dostunun məsləhəti ilə ora düzəldiyini, maaş alanda əksik aldığını, sonradan isə müəyyən olundu ki, 15 gün gec müqavilə bağlanılıb, işə düzəldikdən sonra ondan sadəcə ərizə yazmağının tələb olunduğunu, iş saatlarının çox və maaşa uyğun olmadığını, xidmət rəisləri isə 15 gün gecikmə ilə əlaqəli geri dönüş etmədiyini, bu səbəbdən də şikayət etdiyini, whatsapp qrupunda bütün işçilərin olduğunu, Rəşadın özünü qrupa əlavə etdiyini, indi də qrupdakı yazışmaların qaldığını, Rəşadın xidmət rəisi olduğunu, Şəxs MMC-nin F1 binasının yanında olan şöbəsinə getdiyini, orada Şəxs MMC-nin fəaliyyət göstərdiyini, ərizə ilə oraya yaxınlaşdığını, ona tarixi yazmamağını bildirdiklərini, imzanın özünə aid olmasını dəqiq müəyyən edə bilmədiyini, müqaviləni imzalamadığını, onlara inanaraq tarixi qeyd etmədiyini, Şəxs MMC-nin əməkdaşı Rəşadın onu işə götürdüyünü, işə götürülən zaman Varşava nömrəsi ilə yazışdığını, o nömrənin özünə məxsus olması ailəsi ilə danışmağı sübut olduğunu, Şəxs MMC-nin qrupuna Varşava nömrəsi ilə əlaqə saxladığını, zəng vasitəsi ilə Nar nömrə ilə danışdığını, Qədir müəllimin nömrəsinin telefonda olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının, şahidlərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan X8 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü ildə Şəxs MMC əmək müqaviləsi rəsmiləşmədən X8 nəzarətçi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü ildən ərizə yazıb işdən çıxsa da əmək haqqısı tam ödənilməmişdir. İş materiallarında olan "xxxx" MMC-də xidmət rəisi vəzifəsində işləyən X2 verdiyi izahatdan görünür ki, Cavid Ağası 2024-cü ilin yay aylarında 1 ay müddətində MMC-də nəzarətçi vəzifəsi üzrə işləmişdir. İş materiallarında olan "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyən X3 verdiyi izahatdan görünür ki, 2024-cü ilin yay aylarında Cavid Ağası MMC-də nəzarətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işəgötürən Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-330/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-330/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver