Məhkəmə qərarları › İş №3(009)-3319/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3319/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3319/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X8 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs MMC barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə 13, 13A, 13B, 13C, 15, 23 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən növbədənkənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (X4 plastik cərahiyyə fəaliyyəti ilə məşğul olması) aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X12 protokola etiraz edərək bildirmişdir ki, protokolda qeyd edilənləri qəbul etmirlər. Protokol əsassız olduğu üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəs ilə bildiriş göndərilmişdir. Lakin nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən xx.xx.2025- ci il tarixli, KY252348466 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə 13, 13A, 13B, 13C, 15, 23 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6" X14 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2- 1506/2025 nömrəli qərardan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə 13, 13A, 13B, 13C, 15, 23 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli "X11 plandankənar (növbədənkar) yoxlama” aktından görünür ki, həkim X4 “plastik cərrah” işi üzrə sertifikatları olmadan plastik əməliyyatlar–liposaksiya, abdominoplastika, mamoplastika və s. ilə məşğul olması faktı, yəni lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrahiyyə) aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, X7 Şəxs MMC-də həkim-ümumi cərrah vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH №064007 nömrəli sertifikasiya şəhadətnaməsi”ndən görünür ki, X5 ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol xx.xx.2025-ci il tarixində növbədənkənar yoxlanış zamanı X4 “plastik cərrah” işi üzrə sertifikatları olmadan plastik əməliyyatlar–liposaksiya, abdominoplastika, mamoplastika və s. ilə məşğul olması faktı müəyyən edilməsinə görə tərtib olunmuşdur. Lakin məhkəmə bu məqamda xüsusilə qeyd edir ki, cərrahi ixtisaslar üzrə peşə hazırlığı keçmiş mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların “X3 İX buraxılışı üzrə siyahının” İV hissəsinə əsasən, ektopik süd vəzinin toxumasının kəsiklə çıxarılması, əlavə gilənin kəsiklə çıxarılması, İkitərəfli reduksiya mammoplastikası amputasion mammoplastikası, Reduksiya mammoplastikası (ginekomastiya səbəbindən), artırılma məqsədilə mammoplastikası, augmentasiya üçün süd vəzinə birtərəfli inyeksiya, artırılma məqsədilə döz vəzinə ikitərəfli inyeksiya, augmentasiya üçün süd vəzinə inyeksiya, süd vəzinə birtərəfli implant, süd vəzinə ikitərəfli implant, döş vəzinin implantı, süd vəzisinə piy qrefti (autoloji qreft üçün piyin ekstraksiyası autoloji piyin transplantasiyası və ya köçürülməsi,süd vəzinə piy qrefti, başqa cür müəyyən edilməyib süd vəzinə piyin qrefti, doldurulmuş qreftlə birlikdə və ya onsuz mikro-piy qreftin köçürülməsi), süd vəzinə parçalanmış dəri qreftinin qoyulması süd vəzinə eninə tam dəri qreftinin qoyulması, mastopeksiya, “transverse rectus abdominis” əzələ-dəri (TRAM) yamağı, ayaqcıqda, süd vəzinin digər total rekonstruksiya növləri, gilənin transpozisiyası, gilənin digər bərpa və ya rekonstruksiya növləri, digər yerlərdə qoyulan digər dəri qreftləri, ölçü kiçildilməsi üzrə plastik əməliyyat, Adipoz toxumasının reduksiyasıabdominoplastika: qarın divarı (pendulous) əllər (“batwing”) sağrı budlar (troxanterik lipomatoz) ümumi cərrahlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlara daxil edilmişdir. Məhkəmə meyarları müəyyən olunmamış xüsusi hazırlığa cəlb olunmaması səbəbilə X9, X2 tibb fəaliyyəti ilə məşğul olma”-sı əsası ilə Şəxs MMC barəsində İXM 215.4-cü maddəsi ilə protokol tərtib olunmasını qanuni hesab etmir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilkin olaraq yuxarıda qeyd olunan maddənin dispozisiyasında sadalanan xüsusatlara, yəni –

1. sertfikasiyadan keçmə qaydalarına;

2. praktiki tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertfikasiyasına dair qaydalar müəyyən edilmişdir. Qeyd olunan maddənin 3-cü bəndində “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilməsi və 4-cü bəndində isə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməməsi təsbit edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il 360-İQ saylı Qanuna əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş İldən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Məhkəmə qeyd edir ki, Şəxs MMC hazırki iş üzrə hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələsinin tərkibi o vaxt yarana bilərdi ki, X3 İX buraxılışı üzrə siyahının İV hissəsinin sonuncu bəndinin altında “xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilər” qeydindəki “xüsusi hazırlıq”-ın meyarları müəyyən olunmuş olardı və buna baxmayaraq Şəxs MMC-də fəaliyyət göstərən cərrahlar həmin hazırlıqdan keçmədən yuxarıda adları qeyd olunan cərrahi əməliyyatları icra etmiş olardı, yəni konkret olaraq "qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması” halı mövcud olmuş olardı və bu hal iş materialları ilə öz təsdiqini tapmış olardı. Lakin, hazırda ümumi cərrah X1 keçməsi və qanunvericiliyə əsasən sonuncuların liposaksiya, abdominoplastika, mamoplastika əməliyyatlarını icra etməsi üçün icazəsi olması işin mübahisəsiz halıdır. Məhkəmə işin bütün faktiki hallarını araşdıran zaman müəyyən etmişdir ki, “BADAM MEDİCAL» MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməmişdir. Məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmedikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzne təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar