Məhkəmə qərarları › İş №3(009)-333/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-333/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-333/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 08 mart 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci PB-nə gətirilmiş, üzərinə baxış keçirilən zaman 0,781 qram narkotik vasitə heroin aşkar edilmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixdə tərtib edilmiş tutulma protokolundan görünür ki, Şəxs 09 mart 2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikovun cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin aidiyyəti əməkdaşına verilməsi, vətəndaş Şəxs təqdim etdiyi 0,781 qram çəkidə narkotik vasitə 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Səbail RPİ-yə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək müvafiq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı – qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması - törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri, Şəxs tutulması halının mövcudluğunu, eləcə də İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2023-cü il tarixli, 7/355 saylı rəyindən görünür ki, AR DİN “Zərflər üçün No 239” möhür əksi, “Vətəndaş Şəxs təqdim etdiyi” təmiz çəkisi 0,781 qram tədqiqatdan sonra qalıq qalan 0,761 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3, 94.12-ci maddələrinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə maddi sübut məsələsini müzakirə edərək, qanunvericiliyin normalarına istinad edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş üzərində “AR DİN “Zərflər üçün No 239” möhür əksi, “Vətəndaş Şəxs təqdim etdiyi” təmiz çəkisi 0,781 qram olan və tədqiqatdan sonra qalıq qalan 0,761 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut (Bakı şəhəri Səbail RPİ-də saxlanılan) - Şəxs aşkar edilərək götürülmüş üzərində “AR DİN “Zərflər üçün No 239” möhür əksi, “Vətəndaş Şəxs təqdim etdiyi” təmiz çəkisi 0,781 qram olan tədqiqatdan sonra qalıq qalan 0,761 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar