Məhkəmə qərarları › İş №3(009)-3331/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3331/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3331/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Əliyev Hikmət Rövşən oğlunun iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Əliyev Hikmət Rövşən oğlu inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, MMC-də işçilər tərəfindən mütəmadi olaraq tibbi əlcəkdən və maskadan istifadə olunur. Vergi orqanın əməkdaşları gəldiyi vaxt əməkdaş X1 təzyiqi qalxmış və özünü pis hiss etdiyi üçün müvəqqəti olaraq maskanı çıxarmışdır. Göstərdiklərini nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020ci il tarixdə, saat 11:50 radələrində Səbail rayonu, Şövkət ƏLəkbərova küçəsi, 7 ünvanında yerləşən Şəxs MMC-yə məxsus şirniyyat mağazasında epidemiya əleyhinəsanitar-qiqiyena və karantin rejimi rejiminin (işçi tibbi maskadan istifadə edilməməsi) tələblərinin pozulması aşkar edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixdə çəkilmiş fotoşəkildən görünür ki, Şəxs MMC-yə məxsus şirniyat mağazasında işçi tərəfindən tibbi maskadan istifadə edilməmişdir. İşə əlavə edilmiş Şəxs MMC-yə məxsus şirniyyat mağazasının işçisi X2 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, epidemiya əlehinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini bildiyini, həmçinin karantin qaydalarına əməl etdiyini, lakin həmin vaxt təyziqinin qalması ilə əlaqədar özünü piss hiss etdiyi üçün tibbi maskanı çıxartdığını bildirib, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, törədilmiş inzibati xəta ilə bağlı təsərrüfat subyektinin rəhbərliyi ilə telefon əlaqəsi yaradıla bilməmişdir. Qeyd edilməlidir ki, hazırki işdə tərtib edilmiş inzibati xəta haqqında protokolun əsasını Şəxs MMC-yə məxsus şirniyat mağazasında işçi tərəfindən fərdi qoruyucu tibbi maskadan istifadə edilməməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəxs MMC-yə məxsus şirniyyat mağazasının işçisi X3 xx.xx.2020-ci il tarixli izahatına nəzər salındıqda o, izahatında hər gün tibbi maskadan istifadə etdiyini, lakin həmin gün xəstəliyi ilə əlaqədar tibbi maskanı taxmadığını bildirmişdir. Göründüyü kimi Yelena Popova həmin vaxt tibbi maskada olmasa da, buna səbəb səhhətin pisləşməsi olmuşdur. Yəni o, hər gün karantin qaydalarına riayət edərək, tibbi maskadan istifadə etmişdir. Hazırkı hal isə onun ümumiyyətlə karantin qaydalarına əməl etməyərək tibbi maskadan istifadə etməməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə işə əlavə edilmiş fotoşəkildən də, görünür ki, işçi Yelena Popova həmin vaxt şəkli çəkilmiş otaqda tək olmuş, yəni o, işçilərlə sıx təmasda olmamışdır. Bu hal isə özüözlüyündə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını istisna edir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə tərtib edilmiş akt təsərrüfat subyekti ilə əlaqə saxlanıla bilməməsi və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin Akta nəzər salındıqda müəyyən edilir ki, sözü gedən aktdakı imzalar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Halbu ki, protokol tərtib edilən vaxt orada olan şirniyyat mağazasının əməkdaşı iştirak etmiş və ondan izahat alınmışdır. Göründüyü kimi şirniyyat mağazasının işçisinin qeyd edilən aktda imza etməməsi (iştirakının təmin edilməməsi) bir daha inzibati xəta hadisəsinin baş verməsini və sözü gedən aktı şübhə altına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 1.2-ci bəndində göstərildiyi kimi, xidmət sahələrində göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna edilir. Xüsusi ilə qeyd edilməlidir ki, vergi xidməti əməkdaşlarının şirniyyat mağazasına daxil olaraq özlərini təqdim etmələri, xidməti vəsiqələrini göstərmələri və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə gəldiklərini bildirmələri iş materialları ilə sübut edilməmişdir. Bu hal isə Metodiki Təlimata zidd olmaqla yanaşı, inzibati xətanın törədilməsini şübhə altına alır. Halbuki, Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxx 2020-ci il tarixli Metodiki Təlimatının 2-ci bəndində qeyd olunmuşdur ki, xüsusi karantin rejimi tətbiq edilən dövrdə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün əməkdaşlar tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin fəaliyyət göstərdiyi əraziyə daxil olarkən ilk növbədə özlərini təqdim etməli, xidməti vəsiqələrini göstərməli və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə gəldiklərini bildirməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübut növü kimi təqdim edilmiş fotoşəkil, eləcə də işçinin izahatı və tərtib edilmiş akt bir-biri ilə üst-üstə düşmür, bu isə Şəxs MMC-də karantin qaydalarının pozulması halını şübhə altına alır. Halbukı, qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda Şəxs MMC-yə məxsus şirniyyat mağazasında karantin qaydalarının pozulması müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar