Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-334/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, protokol tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07.11.2021-ci il tarixdə saat 23:37-də tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkibi yarandığından həmin maddə ilə məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X1 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, 07.11.2021-ci il tarixdə həqiqətən avtomobilin üzərinə Azərbaycan Respublikasının bayrağını örtüdüyünü etiraf etdi, lakin bu hərəkəti etməyində məqsədinin nəqliyyat vasitəsinin nömrə nişanının örtülməsi olmadığını, Zəfər Günü sevincinin nümayiş etdirilməsi olduğunu, həmçinin nəqliyyat vasitəsinin ön nömrə nişanının açıq olduğunu bildirərək, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş və 07 noyabr 2021-ci il tarixdə Peugeot 405 minik markalı, 99PS247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinin bütövlükdə üzərini Azərbaycan Respublikasının bayrağı örtüyü müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, eləcə də inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəxs 07 noyabr 2021-ci il tarixdə saat 23:37-də Bakı şəhəri, Neftçilər prospekti 57 ünvanında Peugeot 405 minik markalı, 99PS247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının bayrağını üzərinə örtməklə idarə etməsi işin mübahisəsiz halıdır. Belə ki, Şəxs bayrağın onun avtomobilinin üzərində olmasını etiraf etmişdir, həmçinin bu iş materiallarında olan videogörüntüyə baxış keçirilərkən də müəyyən edilmişdir. Lakin həmin bayraq dövlət qeydiyyat nişanının üzərinə çəkilməmişdir, avtomobilin üzərinə örtülmüşdür. Bu hal isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə inzibati xəta tərkibi yaratmamışdır. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni bayrağın bir hissəsinin nəqliyyat vasitəsinin nömrə nişanının üzərinə düşməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməsinə görə şəxsin barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldə (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-334/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-334/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver