Məhkəmə qərarları › İş №3(009)-3436/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3436/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3436/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın Yol Patrul Xidmətinin Baş inspektoru, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Saybalı kəndində qeydiyyatda olan, Xətai rayonu, S.Əhmədov küçəsi, ev 16-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.7 və 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Şəxs 22 dekabr 2025-ci il tarixdə, saat 17:59 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində idarə etdiyi “Tofaş Şahin minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkət etmişdir. Bu barədə Bakı şəhər DYPİ müşayiət-eskort bölüyü YPX inspektoru X1 tərəfindən İXP seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə bilavəsitə tabe olan yol patrul xidməti alayının yol patrul xidmətinin baş inspektrou, polis mayoru Nümayəndə bildirmişdir ki, Şəxs 22 dekabr 2025-ci il tarixdə, saat 17:59 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində idarə etdiyi “Tofaş Şahin minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əhalinin dincliyini və yol hərəkəti qaydalarını pozmuş və eləcə də ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Hesab edir ki, yol hərəkəti qaydalarını pozan sürücülər ciddi şəkildə cəzalandırılmalıdır. Qanunlara zidd hərəkətlər etdiyinə görə hesab edir ki, belə insanların sürücülük hüququ məhdudlaşdırılmalı və etdiyi hərəkətin ciddi pozuntu olduğunu başa düşmək üçün cəmiyyətdən müəyyən müddət kənarlaşdırılmalıdır. Xahiş edir ki, bütün bunları nəzərə alaraq şəxsin barəsində ciddi cəza seçilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, görüntülər təqdim olunmuşdur. Sürücü həmin ərazidən uzaqlaşmağa çalışırdı. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-nin 511.1.3-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş diskdən görünür ki, Şəxs 22 dekabr 2025-ci il tarixdə, saat 17:59 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində idarə etdiyi “Tofaş Şahin minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkət etdiyi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin hər üçü mövcuddur. Odur ki, Şəxs İXM-nin 511.1.3-cü maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, bu cür hərəkətləri ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, ona İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2, 327.3, 327.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar