Məhkəmə qərarları › İş №3(009)-3463/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3463/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3463/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə, “xxxx” Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx” Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx” Kiçik Müəssisəsi mülkiyyətində (istifadəsində) olan «Mazda 6 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, «xxxx” Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, «xxxx”Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx”Kiçik Müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx”Kiçik Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsininin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” Kiçik Müəssisəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” Kiçik Müəssisəsinə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, «xxxx”Kiçik Müəssisəsi onun mülkiyyətində (istifadəsində) olan “Mazda 6 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Bakı şəhəri Ş.Mehdiyev küçəsi ilə Tbilis prospektinin kəsişməsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, üzərində yalnız **-PK-*** məzmunlu qeyd vardır. Xəbərnamə Nəzərov tərəfindən imzalanmışdır. Lakin xəbərnaməni imzalamış Nəzərovun hansı vəzifədə çalışması ilə bağlı heç bir qeyd aparılmamışdır. Bu isə qeyd olunan sorğunun cəmiyyətə həqiqətən çatdırılmasına şübhə doğurur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin “xxxx”Kiçik Müəssisəsinin mülkiyyətində (istifadəsində) olan avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumat əldə olunması üçün müvafiq sorğunun şirkətə təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar biri-biri ilə ziddiyət təşkil etməklə natamamdır. Beləliklə də, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, «xxxx”Kiçik Müəssisəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” Kiçik Müəssisəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar