Məhkəmə qərarları › İş №3(009)-3464/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3464/2025

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3464/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri Nümayəndə3 və Nümayəndə2 və iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 29 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 23 dekabr 2025-ci il tarixli, 6-1-21/2-19592/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 23 dekabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 40000.00 Avro məbləğində vəsait bank vasitəsilə 06 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xaricі valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12075.40 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 07 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına nümayəndəsi Əİiyeva Arzu Siyavuş qızı tərəfindən daxil olmuş elektron ərizədə Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********4064 saylı yük gömrük bəyannaməsinə (YGB) münasibətdə qeyd etmişdir ki, avans köçürməsinin təyinatı (müqavilə və invoys) təqdim edilmiş yük gömrük bəyannaməsinin təyinatında (müqavilə və invoys) müqavilə uyğunluq təşkil etsə də, invoysu uyğun deyil. Həmçinin bəyannamənin çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Yəni təqdim edilmiş YGB-dən görünür ki, mallar eyni müqavilə çərçivəsində avans köçürməsindən sonra idxal edilsə də malın dəyəri ödənilməmişdir. Tərəfimizdən YGB üzrə idxal olunan malların avans köçürməsi zamanı təqdim edilmiş invoysla eyniləşdirmək mümkün olmamışdır. Odur ki, "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, xaricə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq məhsullar alınmışdır. Lakin gömrük sənədləşdirilməsi zamanı gömrük orqanının əməkdaşının yol verdiyi texniki səhv nəticəsində məhsulların bir hissəsi üzrə müqavilə nömrəsi və tarixi gömrük bəyannaməsində səhv qeyd edilmişdir. Bununla əlaqədar olaraq Gömrük İdarəsinə müraciət edilmiş, müraciətin nəticəsi olaraq gömrük bəyannaməsində düzəliş edilmiş, bu barədə müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Nümayəndə, həmçinin, təqdim edilən elektron ərizə ilə tanış olunduğunu, qeyd olunan hallarla bağlı gömrük orqanına müraciət edildiyini və müraciətə baxılaraq geri dönüşün ediləcəyi barədə məlumat verildiyini bildirmişdir. O, mübahisə predmeti olan malların faktiki olaraq ölkəyə idxal edildiyini və həmin malların dəyərinin tam həcmdə ödənildiyini qeyd etmişdir. Malların idxalının gömrük qanunvericiliyinin tələblərinə uyğun həyata keçirildiyi, yaranmış vəziyyətin isə gömrük orqanının əməkdaşının texniki səhvi nəticəsində baş verdiyi izah edilmişdir. Bundan əlavə, nümayəndə göstərilən uyğunsuzluqla bağlı aidiyyəti şəxslərlə əlaqə saxlanıldığını və gömrük bəyannaməsinin 20-ci qrafasında ödəniş üsulunun “110” olaraq dəyişdirilməsi ilə bağlı məsələnin yaxın vaxtlarda aradan qaldırılacağını bildirmişdir. Bu əsaslarla iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə3 Nümayəndə2 izahatında qeyd edilənləri təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X3 X5 Tes.İhr.İth.A.Ş şirkəti ilə Şəxs MMC arasında bağlanılmış və tərəflərin bank hesablaşmaları "xxxx" ASC-nin AZ49ACAB******************** nömrəli hesab üzərindəndir. İş materiallarına əlavə edilmiş xx.xx.2023 tarixli, 20230257 nömrəli proformafakturalardan görünür ki, həmin fakturalar xx.xx.2023-cü il tarixli müqavilə üzrə tərtib edilib. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli , **********4064 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, X3 X5 Tes.İhr.İth.A.Ş şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə müəyyən edilən 22800,00 Avro dəyərində olan mallar Şəxsnə göndərilmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və Şəxs direktoru Nümayəndə3 tərəfindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş ərizədən görünür ki, **********4064 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodu üzrə göndərən şirkət ilə bağlanmış müqavilənin pin kodu, müqavilə nömrəsi və müqavilə tarixi səhv göstərildiyindən cəmiyyət ilə bank arasında problem yaranmışdır. Bu səbəbdən müqavilənin pin kodunun 231007874, müqavilə nömrəsinin N-siz, müqavilə tarixinin isə xx.xx.2023 olaraq düzəldilməsi xahiş edilmişdir. Düzəliş edilmiş xx.xx.2023-cü il tarixli, **********4064 sorğu nömrəli gömrük bəyannaməsi düzəliş edilmiş formada məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri, habelə iş materiallarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Şəxs ilə X3 X5 Tes. İhr. İth. A.Ş şirkəti arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmış, həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixli proformafakturalar tərtib edilmiş və mallar müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq idxal edilmişdir. İş materialları ilə, həmçinin, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməməsi və ya ödənilmiş valyuta vəsaitinin qanunla müəyyən edilmiş müddətlərdə xaricdən geri qaytarılmaması halları təsdiq olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, xx.xx.2023-cü il tarixli, **********4064 sorğu nömrəli gömrük bəyannaməsində müqaviləyə dair rekvizitlərin səhv göstərilməsi texniki xarakterli olmuş, sonradan aradan qaldırılmışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfi müəyyən edilmədiyindən, Şəxs MMC-nin əməlində həmin inzibati xətanın tərkibi mövcud hesab edilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən protokolda göstərilən 12075.40 Avro məbləğində pulun qarşılığında mallar pulun köçürülməsindən sonra 2 il müddətində ölkəyə gətirilmişdir. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar