Məhkəmə qərarları › İş №3(009)-3465/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3465/2025

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3465/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, «X1» MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Hüquqi şəxs «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 23774 (iyirmi üç min yeddi yüz yetmiş dörd) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti “TESCOM ELEKTRONİK SANAYİ VE TİCARET A.Ş” ilə aralarında bağlanan xx.xx.2025-ci il tarixli müqaviləyə uyğun olaraq 41096.00 ABŞ dollarının bir qismi olaraq əvəzləşdirilmişdir. Həmçinin, ABB bank hesabından təqdim edilmiş çıxarışı məhkəməyə təqdim edərək xx.xx.2025-ci il tarixdə qeyd olunan məbləğin geri qaytarıldığını bildirmişdir. Bu iki halı nəzərə alaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 elektron kabinet üzərindən məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs «X1» MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 23774 (iyirmi üç min yeddi yüz yetmiş dörd) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür; - Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, " X1 " MMC tərəfindən 23774.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 05 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 23774.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 06 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - 021123 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, alıcı «X1» MMC satıcı “TESCOM ELEKTRONİK SANAYİ VE TİCARET A.Ş”dən ümumilikdə 79244.75 ABŞ dolları dəyərindəmal sifariş etmiş, 23774.00 ABŞ dolları məbləğində vəsaiti avans olaraq ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli “Anlaşma”dan görünür ki, alıcı «X1» MMC tərəfindən 021123 saylı, xx.xx.2023 tarixli müqaviləyə əsasən ödənilən 30% avans 23774.0 ABŞ məbləğində vəsait xx.xx.2025 tarixli **********2928 gömrük bəyannaməsi ilə 270525 nömrəli xx.xx.2025 tarixli müqaviləyə əsasən 41096.00 ABŞ dolları məbləğinin ödənişindən bir miqdar kimi əvəz edilmişdir. - xx.xx.2025-ci il tarixli “Anlaşma”dan görünür ki, "X1" MMC ilə “TESCOM ELEKTRONİK SANAYİ VE TİCARET A.Ş” arasında bağlanan 021123 saylı, xx.xx.2023 tarixli müqavilə ləğv edilmiş ve ödənilmiş 30% avans xx.xx.2025-ci il tarixdə 23774.0 ABŞ məbləğin alıcının bank hesabına geri göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, "X1" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, «X1» MMC-nin nümayəndəsinin məhkəməyə sübut qismində təqdim etdiyi sənədlərdəki məlumatların gömrük orqanında olan məlumatların uyğun olubolmadığını müəyyənləşdirmək məqsədilə məhkəmə iclasına fasilə verilmiş, fasilə zamanı gömrük orqanının nümayəndəsi tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə məlumat verilərək "X1" MMC tərəfindən məhkəməyə təqdim edilmiş **********2928 saylı yük gömrük bəyannaməsinə (YGB) münasibətdə qeyd edilmişdir ki, təqdim edilmiş yük bəyannaməsinin təyinatında müqavilə və invoys üzrə gətirilən mallar avans köçürməsi zamanı təqdim edilmiş müqavilə və invoysla eynilik təşkil etmədiyi qeeyd olunmuşdur. xx.xx.2025-ci il tarixində iki hüquqi şəxs arasında razılıq barədə müqavilə bağlansa da bəyannamə üzrə mallar razılaşmadan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə idxal edilmiş və çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Həmçinin MMC tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışa baxdıqda vəsaitin xx.xx.2025-ci il tarixində geri qaytarıldığı və geri qaytarma təyinatında avans ödənişi zamanı təqdim edilən müqavilə və invoysla eynilik təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X1» MMC tərəfindən xx.xx.2023-cü il tarixində 23774 (iyirmi üç min yeddi yüz yetmiş dörd) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara avans olaraq köçürülmüş, 23774 (iyirmi üç min yeddi yüz yetmiş dörd) ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X1» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23774 (iyirmi üç min yeddi yüz yetmiş dörd) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 4754.8 (dörd min yeddi yüz əlli dörd dollar səkkiz sent) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar