Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3474/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 29 dekabr 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Qeyd edilən isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xaiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi etirazda Xətai Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə sorğu göndərilməmiş və təbii olaraq həmin sorğu idarə tərəfindən rəsmi qaydada qəbul edilmədiyini, belə ki, Xətai rayon Polis İdarəsi tərəfindən təqdim edilən göndəriş nömrəsini (SX075806135AZ) Azərpoçtun rəsmi internet səhifəsində "Göndərişlərin izlənməsi" bölməsinə daxil edərkən həmin göndərişin xx.xx.2025-ci il tarixində Nəqliyyat İdarəsi tərəfindən qəbul edilmədiyi göründüyünü, izlənmə cədvəlinin statusunda göndərişi qəbul edən məntəqə ilə göndərişi alan məntəqə eyni məntəqə AZ1129 olduğunu və göndərişin alınma tarixi xx.xx.2025-ci il olduğunu, idarənin hüquqi ünvanı Səbail rayonu Neftçilər prospekti 73 poçt indeksi isə AZ1000 olduğunu, sorğu idarənin ünvanına rəsmi qaydada göndərilmədiyindən inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -sorğu məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin mülkiyyətində (istifadəsində) olan X3 markalı 99JK245 dövlət qeyydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Məhəmməd Hadi küçəsində 327.1-1, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə inzibati xəta törədilmişdir. Törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu qeyd edilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. - poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (F-119) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə göndərilən xx.xx.2025 tarixli göndəriş xx.xx.2025-ci il tarixdə Ş.Xəlilov adlı şəxs tərəfindən təhvil alındığı qeyd edilmiş lakin xəbərnaməyə nəzər saldıqda Azərpoçtun 3-cü möhrünün vurulmadığı vurulmuş 2-ci möhürə sonradan düzəlişlər edilib əl yazısı ilə "xxxx" qeydi yazılıdığı aydın olur. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin tərəfindən məhkəməyə təqdim olunmuş göndərişlərin izlənməsinə dair portal çıxarışından görünür ki, SX075806135AZ nömrəli poçt göndərişi xx.xx.2025-ci il tarixdə poçt tərəfindən qəbul edilmiş, xx.xx.2025.ci il tarixdə çatdırılma cəhdi uğursuz olduğundan göndəriş geri qaytarılaraq xx.xx.2025.ci il tarixdə göndərişi göndərmiş şəxsə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə inzibati xəta tərkibi aşağıdakı mütləq şərtlər daxilində formalaşır: -Əsaslandırılmış sorğu mövcud olmalı—bu səlahiyyətli orqanın qanunvericiliyə uyğun formada göndərilmiş və qəbul edilmiş sorğusu olmalı - Sorğu hüquqi şəxsə və ya vəzifəli şəxsə təqdim edilməli və qəbul edilməsi rəsmi qaydada təqdim edilməli (məsələn, poçt qəbzi, elektron kabinetdə oxundu bildirişi və s.). -Sorğu rəsmi qaydada təqdim edildikdən sonra 5 gün ərzində tələb olunan məlumat (avtomobili idarə edən şəxs barədə) verilməzsə, yaxud qəsdən yanlış və ya natamam məlumat verilsə, yaxud heç bir əsas göstərilmədən cavab verilməsə Məhkəmə qeyd edir ki əgər bu şərtlərdən hər hansı biri yoxdursa, inzibati xəta tərkibi yaranmamış sayılır və şəxs məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə məhkəmə araşdırılması zamanı aydın olur ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanlanmış sorğu məktubu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə rəsmi qaydada verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qeyd edilən sorğu məktubu rəsmi qaydada verilmədiyi üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə inzibati xəta tərkibi yarana bilməz. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki iş üzrə hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 105, 114, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-3474/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3474/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver