Məhkəmə qərarları › İş №3(009)-352/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-352/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-352/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Səbail rayonu Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin YPX inspektoru polis baş serjantı Nümayəndə2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayonu DYPŞ-nin YPX inspektoru polis baş serjantı Nümayəndə2 tərəfindən tərtib edilmiş 26 fevral 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 26 fevral 2023-cü il tarixdə saat 02:13-də “Hyundai Veloster minik” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev 13 ünvanında hərəkətdə olarkən sürücü Şəxs Bakı şəhəri Səbail rayonu DYPŞ-nin YPX inspektoru tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış və saxlanıldığı vaxt onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, özünü təqsirli bilməyərək, polis əməkdaşları ona yaxınlaşdıqda içkili olduğunu, lakin avtomobili idarə etmədiyini, hava soyuq olduğu üçün avtomobilin isidicisini yandıraraq sükan arxasında ayıq sürücü gözlədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail rayonu DYPŞ-nin YPX inspektoru polis baş serjantı Nümayəndə2, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs dönmə siqnalı vermədən və təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini yolun solundan sağ hissəsinə keçirməsini görmüş və sürücüyə yaxınlaşdıqda onun sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Həmin vaxt sürücü ayıq sürücü gözlədiyini və avtomobili yalnız 25 metr idarə etdiyini etiraf etmişdir. Baş vermiş hadisə ilə bağlı video görüntü mövcuddur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan xx.xx.2023-cü il tarixli 2/4631 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, müayinə zamanı Şəxs sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş flash diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs həmin vaxt ayıq sürücü gözlədiyini və avtomobili yalnız 25 metr yolun sol hissəsindən sağ hissəsinə sürdüyünü etiraf etmiş, magistral yola çıxmadığını və çıxma fikri olmadığını bildirmişdir. Həkim müayinəsində olarkən Şəxs sərxoşluq vəziyyətinin 0.947 promil olduğu və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs 26 fevral 2023-cü il tarixdə saat 02:13-də “Hyundai Veloster minik” markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 328 – 331 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-in 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair iş materialları baxılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar