Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-352/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam şəhəri, Suma kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. Məhkəmə iclasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X11 inzibati xəta haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası vətəndaşları Alexander Bulatov və X10 Federasiyasından gətirdikləri ölçüsü 1.424 karat orta bazar qiyməti 14000 manat olan qiymətli daş-brilyantın Bakı şəhəri Heydər Əliyev adına X8 gömrük nəzarətindən gizlədilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin daşın digər şəxslərə satılması məqsədilə tanışları X4 və Şəxs ilə əlaqəyə girib xx.xx.2023-cü il tarixdə Səbail rayonu ərazisində Mərkəzi Univermağın qarşısında adları qeyd edilən şəxslərlə görüşərək brilyant daşı satmaq məqsədilə onlardan əldə etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Sərvan Süleymanov ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə Mərkəzi Univermağın qarşısında həmin daşı satması üçün Hafiz adlı tanışına vermişdir. Qeyd olunanların nəzərə alaraq barəsində yüngül tənbeh növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində X2suz olaraq gömrük nəzarətindən kənar brilyant daş keçirmiş Aleksandr Bulatov və Nikolai Dəmirovu qarşılayaraq Bakı şəhəri ərazisindəki otelə yerləşdirmiş, adları qeyd edilən şəxslərdən aldığı brilyant daşı Musa adlı tanışı ilə birlikdə satmışdır. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən fiziki şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası vətəndaşları Alexander Bulatov və X10 Federasiyasından gətirdikləri ölçüsü 1.424 karat orta bazar qiyməti 14000 manat olan qiymətli daş-brilyantın Bakı şəhəri Heydər Əliyev adına X8 gömrük nəzarətindən gizlədilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin daşın digər şəxslərə satılması məqsədilə tanışları X4 və Şəxs ilə əlaqəyə girib xx.xx.2023-cü il tarixdə Səbail rayonu ərazisində Mərkəzi Univermağın qarşısında adları qeyd edilən şəxslərlə görüşərək brilyant daşı satmaq məqsədilə onlardan əldə etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi inzibati xətasını törətmişdir. Qeyd olunanlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X9, şahidlər X4 və Şəxs ifadələri, məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1667-6/6291-9/9229 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında və xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokollar və digər sənədlərlə sübut olunur. X9 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Şəxs ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə "MUM"un qarşısında həmin daşı satmaq üçün Musadan almışdır. Şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından gəlmiş şəxslərin gətirdiyi brilyant daşı tanışı Sərvan Süleymanov ona təqdim edərək satmasını bildirmiş və 05 dekabr 2023-cü il tarixdə "MUM"un qarşısında həmin daşı satması üçün Hafiz adlı tanışına vermişdir. X4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində X2suz olaraq gömrük nəzarətindən kənar brilyant daş keçirmiş Aleksandr Bulatov və Nikolai Dəmirovu qarşılayaraq Bakı şəhəri ərazisindəki otelə yerləşdirmiş, adları qeyd edilən şəxslərdən aldığı brilyant daşı Musa adlı tanışı ilə birlikdə satmışdır. Sərhədkeçməyə dair məlumatlardan görünür ki, Alexander Bulatov və Nikolai Demidov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası dövlət sərhədindən ölkədən çıxmışlar. xx.xx.2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 təqdim etdiyi 01 ədəd brilyanta bənzər daş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixli X1 məxsus "İphone 11" markalı mobil telefona baxış aparılması haqqında protokoldan görünür ki, "Whatsapp" mobil tətbiqində Şəxs ilə 02 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək olan müddət ərzində brilyant daşların satışı ilə bağlı ölkə ərazisinə gələn şəxslərin müvəqqəti yaşaması üçün otellərin təşkili, müxtəlif ölçülü brilyant daşların satışı ilə bağlı müştəri axtarışı məzmununda səs və sms yazışmaları vardır. Bundan başqa, 21 noyabr 2023-cü il tarixdən 04 dekabr 2023-cü il tarixədək olan müddət ərzində "İlham Qaqa" adlı şəxslə brilyant daşa bənzər əşyanın fotoşəklinin göndərilməsi, Nikolai Demidov və Alexander Bulatovun ölkə ərazisinə gəlməsinə dair uçuş biletinin məlumatları göndərilməklə sonuncuları qarşılaması, brilyant daşların satışının ölkə ərazisində həyata keçirilməsinə dair səs və sms yazışmaları vardır. Məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1667-6/6291-9/9229 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş rəngsiz şəffaf daş qiymətli daşlara aid brilyantdır. Daşın ölçüsü 1.424 karat olmaqla 4/4 keyfiyyətlidir. Orta bazar qiyməti 14000 manat müəyyən edilmişdir. İnzibati xətanın bilavasitə predmeti olmuş maddi sübut - 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə saxlanca verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. “Prokurorluq haqqında” qanunun 24-cü maddəsinə əsasən prokuror cinayət və inzibati xəta aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati xətalara dair icraat başlamaq haqqında qərar çıxarır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xəta haqqında icraatın başlanması haqqında qərardan, özünün və şahidlərin izahatı, inzibati xəta haqqında işin materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə əsasən, göstərilən mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Həmin qərarın 2.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz keçirə bilər. İş materiallarına əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli, 5/1667-6/6291-9/9229 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş 1 ədəd, dairəvi cilalı 1.424 karat ölçülü, 4/4 keyfiyyətlidi, brilyant qaşın orta bazar qiyməti 14000,0 (on dörd min) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 5/1667-6/6291-9/9229 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 300 (üç yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində saxlanılan 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin saxlan otağında saxlanılan 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş dövlət nəfinə müsadirə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 300 (üç yüz) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-352/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-352/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver