Məhkəmə qərarları › İş №3(009)-358/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-358/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-358/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 26 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 03.01.2022-ci il tarixində, saat 07:13-də Bakı şəhəri Səbail rayonu Azadlıq Prospekti, Ü.Hacıbəyov küç kəsisməsində idarə etdiyi VOLKSWAGEN GOLF VARİANT MİNİK markalı, 99NR716 dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildimişdir ki, 03.01.2022-ci il tarixdə saat 07:13 radələrində o etibarnamə əsasında idarə etdiyi Volksvagen Golf markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq prospekti ilə üzü Hökümət evi istiqamətində hərəkətdə olan zaman Ü.Hacıbəyov küçəsinin kəsişməsinə çataraq stop xəttində dayanmışdır. O, bir anlıq svetafora baxmış, yaşıl işığın yandığını zənn edib kəsişməyə daxil olarkən solundan Ü.Hacıbəyov küçəsi ilə hərəkət edən Toyota Prius markalı avtomobilin ön hissəsindən toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil istiqamətini dəyişərək Ü.Hacıbəyov küçəsinə tərəf, digər avtomobil isə kəsişmədə yolun sonunda quraşdırılmış dəmir mühəccərlərə, daha sonra svetafora çırpılaraq dayanmışdır. Qarşı avtomobilin sürücüsü həkimə zəng vurmuş, təcili yardım gələrkən özünü müayinə etdirməyə getmişdir. Müayinəyə getməmişdən əvvəl polis əməkdaşları gələrək hadisə yerində araşdırma aparmışlar. Hadisə vaxtı avtomobildə tək olmuş və xəsarət almamışdır. O kəsişməyə 3-4 metr daxil olduqdan sonra toqquşma baş vermişdir.Təhlükəni toqquşma baş verən anda hiss etmişdir .Buna görə təhlükənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 03.01.2022-ci il tarixdə saat 07 radələrində o özünə məxsus idarə etdiyi Toyota Prius markalı ** DF *** dvlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə üzü Sahil metrosu istiqamətində saatda 45 km\saat sürəti ilə ikinci zolaqla hərəkətdə olan zaman Azadlıq prospektinin kəsişməsinə çatdıqda svetaforun yaşıl işığı yandığı üçün o hərəkətinə davam etmişdir.O kəsişməyə daxil olan zaman Azadlqı prospektində hərəkət edən Volksvagen markalı avtomobil svetaforun qırmızı işığında keçərək onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən avtomobili istiqamətini dəyişərək yolun solundaki svetafora və məhəccərə dəyərək səkiyə çıxıb dayanmışdır. Digər avtomobil isə Ü.Hacıbəyov küçəsinə dönüb dayanmışdır. Təxminən yarım saatdan sonra o özünü çox pis hiss etmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gələrək onu X1 aparmışlar. Xəstəxanada o tibbi müayinələrdən keçmiş və ona tibbi yardım göstərilmişdir. O, təhlükəni hiss etməmiş,çünki svetaforun yaşıl işığında hərəkət etmişdir. Svetaforun qırmızı işığında hərəkətdə olan avtomobil isə sağdan gələrək onunla toqquşmuşdur. Həmin hadisə zamanı o xəsarət almışdır və avtomobilinə maddi zərər dəymişdir. Ona dəymiş zərər ödənilməmişdiir, şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, 03.01.2022-ci il tarixdə saat 07:20 radələrində Şəxs 050 739 18 28 nömrəsindən DİN-nin 102 XZM zəng edərək bildirib ki, Azadlıq prospelti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsi - Hökumət evinin arxası Wolksvagen markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Toyota Prius markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomaşınların toqquşması nəticəsində xəsarətlə nəticələnən YNH-si baş vermişdir. İş materiallarında olan 03.01.2022-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktlarından görünür ki, Şəxs və Zərərçəkmiş şəxs alkoqol sərxoşluq vəziyyətləri ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizanın 17.01.2022-ci il tarixli 32-saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar