Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-359/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X1 iştirakları ilə, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Ruslan Novruzov vətəndaş X4 məxsus avtomobilin yan güzgülərini evin həyətindən oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs vətəndaş X4 məxsus avtomobilin yan güzgülərini evin həyətindən oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o iki ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Bununla bağlı dəfələrlə müalicə almışdır. Lakin buna baxmayaraq həkim tərəfindən müalicəsi üçün yazılmış dərmanların bir hissəsini alsa da qalan hissəsini almağa pula ehtiyacı olmuşdur. Belə ki, 05.02.2022-ci il tarixdə saat 04 radələrində Bayıl qəsəbəsində Buıvar deyilən ərazidə 5 mərtəbə deyilən binanın həyətində olarkən orada yaşayış binaların yanında olan Niva markalı avtomobili görüb onun hər iki yan güzgülərini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin avtomobilə yaxınlaşıb hər iki yan güzgülərini oğurladıqdan sonra həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra o həmin güzgüləri saat 12 radələrində 8-ci km bazarı deyilən yerdə bir ədədi 30 manat olmaqla tanımadığı şəxsə 60 manata satmışdır. Həmin oğurluq hadisəsini törətməsinə səbəb müalicəsi ilə bağlı həkim tərəfindən yazılmış dərmanların bir qismini alması üçün pula ehtiyacı olmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 04.02.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus VAZ-2121 Niva markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilini kirayə yaşadığı evin həyətində saxlamışdır. O, xəstələndiyindən 2 gün evdən çölə çıxmamış və avtomobilinə baxa bilməmişdir. 06.02.2022-ci il tarixdə saat 14 radələrində avtomobilinə yaxınlaşan zaman naməlum şəxs tərəfindən avtomobilin hər iki yan güzgülərin oğurlanmasını aşkar etmiş, bu barədə DİN 102 xidmətinə məlumat vermişdir. Avtomobilin yan güzgüləri Mercedes Q55 markalı avtomobilin güzgüləri olmuşdur. Həmin avtomobili bir ildir alıb, güzgüləri alan zaman qardaşı dəqiq adını bilmədiyi mağazadan 600 manata almışdır. Hazırda həmin güzgülərin bazar qiyməti 400 manatdır. Ona vurulmuş zərər ödənilməmişdir və o, şikayətçidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan inzibati xəta haqqında tutma protokolundan görünür ki, Şəxs 08 fevral 2022-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin 08 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, vətəndaş X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, 06.02.2022-ci il tarixdə Səbail rayonu Bayıl qəsəbəsi ünvan 2 ünvanında yaşayan vət. X5 DİN 102 xidmətinə məlumat verərək və Səbail RPİ 8ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 04.02.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus VAZ-2121 Niva markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında saxlamışdır.06.02.2022-ci il tarixdə saat 14 radələrində avtomobilinə yaxınlaşdıqda naməlum şəxs tərəfindən avtomobilin hər iki yan güzgülərin oğurlanmasını aşkar etmişdir. Ərizə əsasında toplanmış material üzrə 08 fevral 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Baş vermiş oğurluq hadisəsini törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 08 fevral 2022-ci il tarixdən, saat 00:30-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 08 fevral 2022ci il tarixdən saat 00:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-359/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-359/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver