Məhkəmə qərarları › İş №3(009)-3686/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3686/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3686/2020 14.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Biabani Javadın, Bakı şəhər Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X3 oğlunun iştirakı ilə Biabani Javadın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Biabani Javadın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Biabani Javad bildirdi ki, özünü qismən təqsirli bilir, həqiqətən də ticarətlə məşğul olduğu magazanın qarşısında təbii meyvələr satışını həyata keçirmişdir, buna səbəb isə əvvəllər heç vaxt təbii meyvələr satışı ilə məğul olmamasıdır, belə ki, müştərilər həmin mağazada meyvə satıldığını bilməsi üçün bunu etmişdir, bu zaman heç bir tabesizlik göstərməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X2 bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Biabani Javadın barəsində dəfələrlə qanunsuz küçə ticarəti ilə məşğul olmağa görə protokol tərtib edilmiş, bununla belə o eyni inzibati xətanı törətməyə davam etmişdir və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Biabani Javadın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Biabani Javadın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Biabani Javad həqiqətə küçə ticarəti ilə məşğul olmuş, lakin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibini törətməsi heç bir sübutla təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Biabani Javad Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.53-cü bəndinə görə İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Biabani Javada münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, Biabani Javadın əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Biabani Javadın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməli, Biabani Javadın İXM-in 454-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya dair hissədə iş materialları baxılması üçün Səbail RPİ-nin 9-cu PB-ə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Biabani Javadın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Biabani Javadın İXM-in 454-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya dair iş materialları baxılması üçün Səbail RPİ-nin 9-cu PB-ə geri qaytarılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar