Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-370/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, şikayət verən X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfindən çıxarılmış İQ TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləgv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-137/2024 nömrəli qərardadı ilə şikayət aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, İXP ******* nömrəli protokol və TP ******* qərarla ona cərimə yazılmışdır. Yasamal Rayon Məhkəməsinə şikayət vermiş və xx.xx.2023-cü il tarixli, 3(004)-5074 nömrəli qərarla şikayəti təmin edilərək Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı heç bir araşdırma olmayaraq bu qərarı yenidən qüvvədə saxlayıblar. Qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmə iclasında iştirak edən X2 hadisənin Hökümət Evinin arxasında baş verdiyini, protokolun onunla heç bir aidiyyatının olmadığını, nişanın onun maşınının saxlandığı yerə aidiyyatı olmadığını, ərazidə bir neçə maşının dayandığını, oraya nişanın qoyulduğu yerdən yox, yolun digər ərazisindən maşını sürərək ora gəldiyini bildirmişdir. Onlara etdiyi müraciətə cavab olaraq isə öz qərarlarını ləğv edə bilmədiklərini, məhkəməyə müraciət etməyi bildirmişlər. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)-5074/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın görünür ki, X2 barəsində inzibati tənbeh vermə haqqında Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, İQ nömrəli TP ******* qərardan görünür ki, X2 İXM 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə tətbiq edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, X2 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilir ki, X2 “Lexus RX 300 minik” markalı, **-UE-*** nömrəli avtomobili yolun kənarında saxlamışdır. Avtomobilinin qarşısında “Giriş qadağandır” yol nişanı olmuşdur. Bu isə həmin yola sadəcə girişi qadağan edir, nəqliyyat vasitələri başqa yolla keçib həmin yola daxil ola bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilmədiyindən şikayət təmin edilməli, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, İQ nömrəli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, İQ nömrəli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-370/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-370/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver