Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3700/2020 17.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikası Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 23000 (iyirmi üç) manat məbləğində pul və həmin məbləğə illik 7% dərəcəsi ilə hesablanmış 1610 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, ümumilikdə isə 24610 (iyirmi dörd min altı yüz on) manat məbləğində pul vəsaiti Şəxs tutulub X3 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular göndərilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə müəyyən edilmiş tələb təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin sözügedən ünvanda borclunun yaşamadığı müəyyən edilərək bu bardə müvfiq akt tərtib olunmuşdur. Borclunun qeydiyyatda olduğu ünvanda yaşaması ilə bağlı Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinə sorğu ilə müraciət edilmiş, sorğuya cavab olaraq Şəxs sözügedən ünvanda yaşamadığı qeyd edilmişdir. Borclunu tapmaq mümkün olmadığından borclunun axtarılması barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda borclu barəsində 20288/20 nömrəli, xx.xx.2020-ci il tarixli axtarış işi açıldığı qeyd edilmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilərək təhvil verilmişdir. Borcludan izahatı alınmış, izahatında icra sənədi barədə xəbərdar olduğunu qeyd etmiş, maddi imkansızlığı olduğunu himayəsində ailə üzvlərinin olduğunu və xəstə həyat yoldaşının olduğunu bildirmişdir. İcra sənədi üzrə müəyyən edilmiş borc məbləğini yanvar ayının 18-dən başlayaraq 500 manat olmaqla ödəmək istədiyini izahatında qeyd etmişdir. Tələbkar isə borc məbləğinin tam olaraq ödənilməsini tələb edir. Borclunun icra sənədi üzrə hal-hazırda 24610 (iyirmi dörd min altı yüz on) manat borcu vardır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 23000 (iyirmi üç) manat məbləğində pul və həmin məbləğə illik 7% dərəcəsi ilə hesablanmış 1610 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, ümumilikdə isə 24610 (iyirmi dörd min altı yüz on) manat məbləğində pul vəsaiti Şəxs tutulub ona verilməlidir. Borclu tərəfindən ona olan borc məbləğindən hazırki vaxta kimi heç bir ödəniş edilməmişdir. Hazırda borclu Şəxs ona ödəməli olduğu borcunun ödənilməsi üçün ona vaxt verməklə razılığa gəldiklərini bildirmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, heç bir yerdə işləmədiyindən maddi imkanı olmadığından, himayəsində ailə üzvləri və xəstə həyat yoldaşı olduğundan borcu ödəyə bilməmişdir. O, qeyd etdiklərini, borcunun ödənilməsi üçün ona vaxt verilməklə tələbkarla razılığa gəldiyini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-491/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 23000 (iyirmi üç) manat məbləğində pul və həmin məbləğə illik 7% dərəcəsi ilə hesablanmış 1610 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, ümumilikdə isə 24610 (iyirmi dörd min altı yüz on) manat məbləğində pul vəsaiti Şəxs tutulub X3 verilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Elektron İcra Sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Hazırda Şəxs borcun ödənilməsi üçün ona vaxt verilməsi ilə bağlı tələbkarla razılığa gəlmiş və tələbkar ərizəsini məhkəməyə təqdim etmişdir. Borclu borcunun yaranma səbəbini himayəsində ailə üzvləri, xəstə həyat yoldaşı olduğu və heç bir yerdə işləməməsi ilə izah etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Odur ki, məhkəmə belə hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-3700/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3700/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver