Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-3701/2020 17.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, sürücü işləyən, Qubadlı rayonu, Çardaqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:45 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsində Dövlət Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 13:45 radələrində “Chevrolet Aveo” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşının cərimə borcu olduğu və qabaq dövlət nömrə nişanı yerində olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra sürücünün avtomaşını etibarnamə olmadan idarə etdiyi məlum olmuş və ona avtomaşının mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirilmiş, lakin avtomaşının sürücüsü Dövlət Yol Patrul Xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomaşını sürərək ərazidən uzaqlaşmış, daha sonra sürücü avtomaşını Badamdar şossesində yerləşən “Caspian” Hospitalın qarşısında saxlayaraq xəstəxanaya daxil olmuş, ordan çıxaraq avtomaşına yaxınlaşmış, onu görən YPX əməkdaşına müqavimət göstərmişdir. Ərazidə xidmət aparan CPA-nın əməkdaşlarının müdaxiləsi ilə o, saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə onun Şəxs olduğu müəyyən olunmuş və barəsində müvafiq protokol tərtib edilmişdir. Buna görə də, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020ci il tarixdə, saat 13:45 radələrində “Chevrolet Aveo” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşınla Baık şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsində hərəkətdə olan zaman Dövlət Yol Patrul Xidməti əməkdaşları ona saxla işarəsi vermiş, o, avtomaşını saxlamışdır. Daha sonra Dövlət Yol Patrul Xidməti əməkdaşı ondan avtomaşının sənədlərini istəmiş, lakin onda avtomaşının sənədləri olmadığından və o da xəstəxanaya tələsdiyindən polis əməkdaşından onu buraxmasını xahiş etmişdir. Lakin polis əməkdaşları ona getməyə icazə verməmiş, o isə heç olmasa xəstəxanaya birlikdə getməyi, xəstəni oradan çıxardıqdan sonra maşını təhvil almalarını xahiş etmişdir. Daha sonra bir nəfər polis əməkdaşı onun maşınına minərək xəstəxanaya getmişlər. O, xəstəxanaya daxil olub xəstə xanımı oradan çıxardıqda polis əməkdaşları ona yaxınlaşaraq dərhal maşını təhvil almaq istədiklərində aralarında mübahisə yaranmışdır. Belə ki, o, xanımı evə çatdırdıqdan sonra maşını təhvil verəcəyini bildirmişdi. Həmin vaxt əhval ruhiyəsi çox pis olduğundan polis əməkdaşlarına emosional reaksiya vermiş, onu insan kimi başa düşmələrini istəmişdir. Həmçinin bildirmişdir ki, məqsədi onları təhqir etmək olmamış, polislərə təpik atmamış və başqa bu kimi hərəkətlərə də yol verməmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYP-nin bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 13:45 radələrində “Chevrolet Aveo” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşının cərimə borcu olduğu və qabaq dövlət nömrə nişanı yerində olmadığı üçün onun tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra sürücünün avtomaşını etibarnamə olmadan idarə etdiyi məlum olmuş və ona avtomaşının mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirilmiş, sürücü bundan imtina edərək qaçmağa cəhd edən zaman o, sürücünün yanına əyləşib ondan qanuna tabe olmağı tələb etmiş, lakin sürücü onun qanuni tələblərinə yenə də məhəl qoymayaraq avtomaşını yüksək sürətlə sürərək, həmçinin manevr qaydalarını pozmaqla idarə etmiş, onun saxlama cəhdlərinə müqavimət göstərərək hərəkətinə davam etmişdir. Daha sonra sürücü avtomaşını Badamdar şossesində yerləşən “Caspian” Hospitalın qarşısında saxlayaraq xəstəxanaya daxil olmuş, müştəri ilə birlikdə ordan çıxaraq avtomaşına yaxınlaşaraq tabesizlik göstərib qaçmağa cəhd göstərmiş, onu təpiklə vuraraq, xidmət yoldaşını isə itələyərək yenidən avtomaşına əyləşib qaçmaq istəmişdir. Bu zaman ərazidə xidmət aparan CPA-nın əməkdaşlarının müdaxiləsi ilə o, saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə onun Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYP-nin bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti ispektoru, polis baş serjantı X6 şahid X1 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan ÇPA-nın 4-cü Patrul Bölüyünün polis nəfərləri X4 və X7 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:45 radələrində xidmət apardıqları Badamdar qəsəbəsində “Caspian” Hospitalın qarşısında camaatın toplaşdığını görmüşlər və ora yaxınlaşmışlar, bu zaman YPX əməkdaşı ona vətəndaşın onların qanuni tələblərinə tabe olmadığını bildirmiş və onlar da öz növbəsində həmin vətəndaşı saxlayaraq polis bölməsinə gətirmişlər və bölmədə onun Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı - polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması - törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:45 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, M.Müşfiq küçəsində Dövlət Yol Patrul Xidməti əməkdaşlarının vəzifələrini icra edərkən cərimə borcu olduğu və qabaq dövlət qeydiyyat nişanı yerində olmadığından saxlanılan, saxlanıldıqdan sonra isə sürücünün avtomaşını etibarnamə olmadan idarə etdiyi məlum olduğundan ona avtomaşının mühafizə olunan duracağa yerləşdirilməli olduğu bildirildikdə - onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-3701/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-3701/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver