Məhkəmə qərarları › İş №3(009)-373/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-373/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-373/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2075/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC İran İslam Respublikasından 2017/249 nömrəli xx.xx.2017-ci il tarixli invoys sənədinin müşayiəti ilə 91B68710/91B68810 nömrə nişanlı yük avtomobildə Azərbaycan Respublikasına idxal etdiyi malları xx xxxx 2017-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2016 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən yüklərin arasında olsa da mal müşayiət sənədlərində qeyd edilməyən ümumi dəyəri, az miqdarda 27296 manat təşkil edən 248 ədəd paltaryuyan maşın ehtiyat hissələri, 2 ədəd polietilen materialdan rulon, 4 ədəd kisədə 240 kq püstə, 48 ədəd yanğınsöndürən cihaz üçün ehtiyyat hissəsi-başlıqlar, avtomobil üçün nəzərdə tutulmuş 199 ədəd antipas mayesi, 378 ədəd boyalar, 60 ədəd parladıcılar, 36 ədəd parladıcılar, 24 ədəd qarışdırıcılardan ibarət malları bəyan etməmiş, eyni zamanda bəyannamənin 3 və 12-ci mal mövqeyindən malların sayını az qeyd etməklə az miqdarda, 16940 manat dəyərində xammalını düzgün bəyan etməmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8262 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 13 adda malların ümumilikdə orta bazar qiyməti təxminən 44236,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, **********2016 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən yüklərin arasında olsa da mal müşayiət sənədlərində qeyd edilməyən ümumi dəyəri, az miqdarda 27296 manat təşkil edən 248 ədəd paltaryuyan maşın ehtiyat hissələri, 2 ədəd polietilen materialdan rulon, 4 ədəd kisədə 240 kq püstə, 48 ədəd yanğınsöndürən cihaz üçün ehtiyyat hissəsi-başlıqlar, avtomobil üçün nəzərdə tutulmuş 199 ədəd antipas mayesi, 378 ədəd boyalar, 60 ədəd parladıcılar, 36 ədəd parladıcılar, 24 ədəd qarışdırıcılardan ibarət malları bəyan etməmiş, eyni zamanda bəyannamənin 3 və 12-ci mal mövqeyindən malların sayını az qeyd etməklə az miqdarda, 16940 manat dəyərində xammalını düzgün bəyan edilmədiyindən, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 44.236,00 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 17694,4 (on yeddi min altı yüz doxsan dörd manat dörd qəpik) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 44236,00 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 17694,4 (on yeddi min altı yüz doxsan dörd manat dörd qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar