Məhkəmə qərarları › İş №3(009)-374/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-374/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-374/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 oktyabr 2021-ci il tarixli 00100-1816/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunun əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, X3, ev 76, mənzil 39 B ünvanında Qeydiyyatda olan Şəxs” MMC-nin ünvanına Niderlanddan ******* saylı, 19 avqust 2020-ci il tarixli invoys sənədi a 33DUY01/33DUY02 nömrə nişanlı yük avtomobilində daxil olarag Bakı Bas Gömrük İdarəsində )**********202 sorğu nömrəli 25 avqust 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş meyvə-tərəvəz” yükünə baxış zamanı bəyannamə üzrə bəyan edilmiş yükdən əlavə gömrük orqanına bəyan edilməyən 1641 kq “ananas” (Kosta-Rika), 85 kq “avokado” (CAR), 124 kg “laym" (Meksika), 50 kq “şirin kartof” (ABŞ) yükünün artıq olduğu müəyyən edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan, gömrük orqanına bəyan edilməyən 1641 kq “ananas” (Kosta-Rika), 85 kq “avokado” (CAR), 124 kq “laym” (Meksika), 50 kq "şirin kartof’ (ABŞ) yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/006-24/006628 nömrəli, 28 avqust 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/3300 nömrəli, 07 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “ananas”ın (Kosta-Rika) 25 avqust 2020-ci il tarixə orta bazar qiyməti 5.50 manat, cəmi 9025.5 manat, 1 ədəd “avokado”nun (CAR) orta bazar qiyməti 9 manat, cəmi 765 manat, 1 ədəd “laym”ın orta bazar (Meksika) qiyməti 2.60 manat, cəmi 322.4 manat, 1 ədəd “şirin kartofun (ABŞ) orta bazar qiyməti 0.60 manat, cəmi 30 manat olmaqla, ümumilikdə 10142.90 manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/025/023511 nömrəli 26 avqust 2020-ci il tarixli raport, 0**********202 sorğu nömrəli Gömrük bəyannaməsi, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar, hüquqi şəxsin nümayəndəsinin izahatı və isdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xocasən gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 25 avqust 2020-ci il tarixdə idxalatçı (VÖEN-**********) Şəxs MMC tərəfindən 0**********202 saylı gömrük bəyannaməsilə bəyan olaraq rəsmiləşdirilmiş (a/m 33DUY01/33DUY02) (barkod:**********12121) (mənşə ölkəsi - Müxtəlif) yükə gömrük bəyannaməsinə əsasən gömrük baxışı keçirilmişdir. Baxış zamanı a/m-da 0**********202 saylı gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə bəyan olunmayan 1641 kq ananas(Kosta-Rika),85 kq avokado(CAR), 124 kq laym (Meksika), 50kq şirin kartof (ABŞ) yükü aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş 25 avqust 2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Niderlanddan ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 33DUY01/33DUY02 dövlət nömrə nişanlı avtomaşın ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində 0**********202 saylı, 25 avqust 2020 ci il tarixli gömrük bəyənaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş yükə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 92- 99 maddələrini rəhbər tutaraq gömrük yoxlanılması keçrildi. Yoxlama zamanı a/m-da 0**********202 saylı gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə bəyan olunmayan 1641 kq ananas(Kosta-Rika),85 kq avokado(CAR), 124 kq laym (Meksika), 50kq şirin kartof (ABŞ) yükü aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, onlar meyvəni sifariş edən zaman qutularla sifariş etdikləri üçün çəkisi barədə məlumatları olmamışdır. Həmçinin gömrük orqanına əvvəlcədən də təqdim etdikləri invoys sənədində meyvələrin qiyməti qutulara uyğun göstərilmişdir. Ümumi çəkidə fərq olduğunu qutular Xocəsən terminalında tərəzidə çəkildikdən sonra bilmişdirlər. Gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Artıq çıxmış yükə dair gömrük orqanına əlavə ödənilməli olan gömrük ödənişlərini də ödəməyə hazırdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2020-ci il tarixli 00100-1816/20 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş meyvələrin və tərəvəzlərin ümumilikdə 25 avqust 2020-ci il tarixə olan orta bazar qiyməti təxminən 10142.90 manat müəyyən edilir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100(bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 3042.87 (üç min qırx iki manat səksən yeddi qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 ( bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar