Məhkəmə qərarları › İş №3(009)-38/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-38/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-38/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inspektoru X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 06 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayonu, X10 26 ünvanında yerləşən “Marani” restoranında rəhbərlik edir. Azərbaycan Respublikasında olmadığı halda 06.12.2021-ci il tarixdə 2 nəfər mülki geyimli şəxs restorana daxil olaraq, orada olan müştərilərdən birini göstərərək bildirmişlər ki, həmin şəxs heç bir peyvənd olunmayıb və restoran işçiləri onun qanunsuz olaraq içəri buraxıb ona xidmət göstərmişlər. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən 4000 manat məbləğində cərimə olunmuş. Həmin cərimə əsassızdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 şikayəti müdafiə edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 dekabr 2021-ci il tarixli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inspektoru X6 şikayətin təmin olunmasına, qərarın ləğv edilib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzivbati xəta törətmişdir. Nəticədə, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Səbail rayonu, X10 26 ünvanında yerləşən “Marani” restoranında 06.12.2021-ci il tarixə qeydə alınmış videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilir. Baxış zamanı müəyyən edilmişdir ki, restorana daxil olan şəxs yenicə daxil olub işçilərin gözündən yayınaraq içəri keçmişdir. Həmin şəxsi görən kimi restoranın işçisi ona yaxışnlaşmış, eyni zamanda polis əməkdaşı da restorana daxil olub həmin şəxsə yaxınlaşmışdır. Həmçinin görünür ki, restoranın işçiləri tərəfindən şəxsə heç bir xidmət göstərilməyib. Beləliklə, iş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi və videogörüntüyə inzibati araşdırma aparılarkən baxış keçirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili X11 Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin MN ******* saylı 06 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 barəsində Azərbaycan Respublikası Daxili X11 Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin MN ******* saylı 06 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar