Məhkəmə qərarları › İş №3(009)-381/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-381/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-381/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Ağdərə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 3(009)-1954/2020 saylı qərarı ilə Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 3(103)-114/2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsinə dair 29 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 3(009)-381/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Şəxs apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(103)-1096/2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 3(009)-381/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, protokol tərtib edilən zaman sərxoş olsa da, lakin avtomobili idarə etməmiş, ayıq sürücü çağırmış və maşında sükan arxasında oturub ayıq sürücünü gözləyən zaman yol polis əməkdaşı ona yaxınlaşıb barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ayıq sürücünün mobil telefon nömrəsi **********-dir. O 14 sentyabr 2020-ci il tarixdə saat 02.28-də ayıq sürücüyə zəng etmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis Polis İdarəsinin X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan Bakı şəhəri BPİ DYP tərəfindən tərtib edilmiş 14 sentyabr 2020- ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 sentyabr 2020-ci il tarixdə, saat 02:30-da “İnfiniti FX-35 minik” markalı **-UU-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində sərxoş vəziyyətdə idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs tərtib edilmiş protokolu imzalamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 14 sentyabr 2020ci il tarixli 2/14623 nömrəli (saat 02:30) aktdan görünür ki, həmin tarixdə Şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Şəxs 11.09.2020—14.09.2020-ci il tarixləri əhatə edən mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərinin siyahısından görünür ki, Şəxs 14 sentyabr 2020-ci il tarixdə, saat 02:28-də ayıq sürücü sifariş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 14 sentyabr 2020-ci il tarixdə, saat 02:28-də ayq sürücü çağırmış, ayıq sürücünü “İnfiniti FX-35 minik” markalı **-UU- *** qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağında sükan arxasında əyləşən zaman yol polisi inspektoru ona yaxınlaşıb və sərxoş olub-olmadığını yoxlamaq üçün müayinəyə getməsi təklif olunmuşdur. Şəxs 14 sentyabr 2020-ci il tarixdə, saat 02:30-da tibbi müayinədən keçmiş və sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəxs polis əməkdaşlarına sərxoş olduğu üçün ayıq sürücü gözləməsini bildirdikdən sonra, o, müayinəyə aparılmış və sərxoş olduğu təsdiqlənmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarında olan Şəxs məxsus və onun tərəfindən məhkəməyə təqdim olunan mobil nömrəsindən çıxarışdan görünür ki, Şəxs ayıq sürücü xidmətinə 14 sentyabr 2020-ci il tarixdə saat 02:28 zəng etmiş, tibbi müayinə isə 14 sentyabr 2020-ci il tarixdə saat 02:30-da aparılmışdır. Şəxs Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində saxlanılmış və tibbi müayinəyə getmişdir. Alkoqol sərxoşluğunun təyin etmə məntəqəsi isə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşir. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesindən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ünvanına çatmaq üçün 15-20 dəqiqə vaxt tələb olunur. Bu hal isə bir daha onu təsdiq edir ki, Şəxs sərxoşluq müayinəsi və protokol tərtib olduqdan bir neçə dəqiqə əvvəl və polis əməkdaşlarının onu saxladıqdan sonra ayıq sürücü xidmətinə zəng etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilməlidir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, o, həmin protokolu şəxsən imzalamış və həmin protokola qarşı onun heç bir etirazı olmamışdır. Yəni, o, protokolda olan mətni özü yazmış və imzası ilə təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar