Məhkəmə qərarları › İş №3(009)-387/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-387/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-387/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Yasamal rayonu, Qədirli küçəsi 6 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə KFC restoranının qarşısında X4 məxsus “Vesta” markalı velosipedi oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmasını nəzərə alaraq, onun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, 2 aya yaxındır ki, özünə məxsus 400 manat dəyərində olan “Vesta” markalı velosipedlə kuryer fəaliyyəti ilə məşğul olur. 09 fevral 2023cü il tarixdə saat 21:15 radələrində namaz qılmaq üçün velosipedi ilə Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr Meydanı”nda yerləşən “KFC” restoranının qarşısına gedərək velosipedi divara söykəyərək orada saxlamış və namaz qılmaq üçün restorana daxil olmuşdur. Namaz qıldıqdan sonra saat 21:30 radələrində çölə çıxan zaman velosipedinin yerində olmadığını aşkar etmişdir. Velosipedi axtarsa da, onu tapa bilməmiş və oğurlandığını başa düşərək Səbail RPİ-nin 9-cu PByə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində də ona 400 manat məbləğində maddi ziyan dəymişdir. Ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmir, maddi vəziyyəti pis olduğundan 09 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr Meydanı”nda yerləşən “KFC” restoranının qarşısında sahibsiz velosiped görmüş və velosipedi götürərək oradan uzaqlaşmışdır. Növbəti gün həmin velosipedi 20 Yanvar yaxınlığında tanımadığı şəxsə satmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X1 RPİ-nin 9-cu PB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində kuryer kimi fəaliyyət göstərdiyi özünə məxsus “Vesta” markalı velosipedi Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr Meydanı”nda yerləşən “KFC” restoranının qarşısında saxlayaraq namaz qılmaq üçün restorana daxil olmuş, lakin geri qayıdan zaman velosipedinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Daxil olmuş ərizə Səbail RPİ-nin 9-cu PB-nin “Törədilmiş və ya Hazırlanan Cinayətlər Barədə Məlumatların Qeydiyyatı” kitabında 447 sayında qeydiyyata alınaraq icraata daxil olmuşdur. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə X4 məxsus velosipedi gizli yolla talayan naməlum şəxs(lər)in əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 86, 39.1.2, 207.5.2 və 212-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi və sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X4 məxsus vəlosipedin Şəxs tərəfindən oğurlanması nəticəsində ona 400 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan 26 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 mart 2023-cü il tarixdə, saat 18:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 26 mart 2023-cü il tarixdən saat 18:15-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 26 mart 2023cü il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar