Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-391/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə1, Barəsində X4 icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 yanvar 2025-ci il tarixli, MN ******* saylı X4 protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə1 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vəzifə səlahiyyətləri ətraf mühitin mühafizəsinə nəzarəti təşkil etməkdir. Bununla bağlı fəaliyyət istiqamətlərindən biri də “Tullantılar haqqında” Qanunun tələblərinə hüquqi şəxslər tərəfindən icra olunmasına nəzarətdir. 05 yanvar 2025-ci il tarixdə Şəxs MMC-ə məxsus Salyan rayonunda yerləşən 096 saylı YDM-nin arxa hissəsində onların ərazisinə aid olmayan hissədə istehsalat və məişət tullantılarının qalaqlanması və yandırılması aşkar edilmişdir. “Tullantılar haqqında” Qanunun 12-ci maddəsinə əsasən tullantıları zərərsizləşdirmək məqsədilə aidiyyəti təşkilatla, burada Salyan Mənzil Kommunal Təsərrüfat istehsalat birliyi ilə müqavilə bağlanmalı idi. Həmçinin 12ci maddənin tələbi pozularaq tullantılar tutumlara (urnalara) atılmamışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində X4 protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 X4 protokola etiraz edərək izahatında göstərmişdir ki, protokol tərtib etməyə heç bir əsas yoxdur. Məhkəməyə təqdim etdiyi sübutlardan da görünür ki, şirkət olaraq "xxxx" MMC ilə həm 2024-cü ildə, həm 2025-ci il və əvvəlki illərdə də tullantıların daşınması, yığılması, qalaqlanması ilə bağlı müqavilə mövcuddur. Şirkətin bütün yanacaq doldurma məntəqələri ilə müqaviləsi var. Həmçinin göstərilən videogörüntüdə əməkdaş nəyisə etiraf etməmişdir. Heç bir kənar ərazidə tullantıların atılması, yandırılması hadisəsi olmamışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 yanvar 2025-ci il tarixli, MN ******* saylı X4 protokoldan görünür ki, 05 yanvar 2025-ci il tarixdə saat 17:00-da 096 saylı YDM-də formalaşan istehsalat və məişət tullantılarının arxa hissədə 5 ayrı-ayrı yerlərdə mütəmadi olaraq qalaqlanması və yandırılması faktı “Tullantılar haqqında” Qanunun 12-ci maddəsi pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 06 yanvar 2025-ci il tarixli, № 88890 aktdan görünür ki, Salyan rayonu, Çuxanlı kəndinin inzibati ərazisində Ələt- Astara-İran sərhədi avtomobil yolunun kənarında fəaliyyət göstərən Şəxs MMC-ə məxsus YDM-nin arxa hissəsində müxtəlif növ istehsalat və məişət tullantıları ayrı-ayrı hissələrdə mütəmadi olaraq yandırılır. Bundan başqa yaxınlıqdan keçən su arxının kənarında da tullantılar atılmışdır. Aşkar olunan faktla əlaqədar araşdırma zərurəti yarandığından əraziyə YDM-nin səlahiyyətli nümayəndəsini dəvət edərək onun iştirakı ilə tullantıların atılaraq yandırıldığı yerlərə baxış keçirilmişdir. Baxış zamanı özünü Salyan rayon Xələc kənd sakini X1 təqdim edən şəxs bildirmişdir ki, YDM-nin fəaliyyətinə onun tərəfindən rəhbərlik olunur. YDMnin arxa hissəsində təmizlik apararaq topladıqları tullantıları yandırırlar. Qısa müddət ərzində ərzini təmizləyərək tullantıları yandıracaqlar. Araşdırma müddətində videoçəkiliş aparmaqla keçirilən baxış zamanı beş ayrı-ayrı hissədə YDM-dən formalaşan tullantıların mütəmadi olaraq yandırıldığı fakt kimi qeydiyyata alınmışdır. Araşdırmanın nəticəsi olaraq YDM № 096nın rəhbəri X2 izah olunmuşdur ki, onların bu fəaliyyəti nəticəsində “Tullantılar haqqında” Qanunun 12-ci maddəsində və NK-nın 21 aprel 2005-ci il tarixli 74 saylı qərarında göstərilən tələblər pozulmuşdur. İş materiallarında olan fotoşəkillərdən və videogörüntüdən görünür ki, Salyan rayonunun ərazisində Ələt-Astara-İran sərhədi avtomobil yolunun kənarında formalaşan istehsalat və məişət tullantıları qalaqlanmış və yandırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə bağlanmış 07 yanvar 2024-cü il tarixli, № 03 müqavilədən görünür ki, hazırki, müqavilə 07 yanvar 2024-cü ildə məişət tullantıları daşınması üçün aşağıdakı şərtlərlə imzalanmışdır. İcraçı öhtəsinə götürür ki, "Sifarişçi" tərəfindən əmələ gəlmiş məişət tullantıları xüsusi qablara doldurulub müəyyən olunmuş yerə qoymalı və həmin yerdən bizim tərəflərindən götürülüb, ay ərzində 4,46 m3, ildə 53,57 m3 zərərsizləşdirilməsini təmin edəcək. Əks təqdirdə müəyyən olunmuş yerə qoyulmayan məişət tullantıları tərəfimizdən götürülməyəcək. Müqavilənin aylıq dəyəri 50,00 (əlli manat 00 qəpik) illik dəyəri: 600.00 (altı yüz manat) manat. Azərbaycan Respublikası Tarif şurasının qərarına əsasən 01 dekabr 2011-ci ildən 1m³ məişət tullantısının daşınması və zərərsizləşdirilməsi 11,20 manatdır. Müqavilə 31 dekabr 2024-cü ilədək qüvvədə hesab olunur. Əgər bu müddət qurtarana kimi tərəflərdən birinin müqavilənin ləğv edilməsi və yaxud qiymət dəyişikliyi ilə əlaqədar yenidən baxılması haqqında məlumat verilməzsə müqavilə müddəti sonrakı illər üçün uzadılmış hesab olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə bağlanmış 07 yanvar 2024-cü il tarixli, № 23 müqavilədən görünür ki, hazırki, müqavilə 07 yanvar 2024-cü ildə məişət tullantıları daşınması üçün aşağıdakı şərtlərlə imzalanmışdır. İcraçı öhtəsinə götürür ki, "Sifarişçi" tərəfindən əmələ gəlmiş məişət tullantıları xüsusi qablara doldurulub müəyyən olunmuş yerə qoymalı və həmin yerdən bizim tərəflərindən götürülüb, ay ərzində 6,33 m3, ildə 75,9 m3 zərərsizləşdirilməsini təmin edəcək. Əks təqdirdə müəyyən olunmuş yerə qoyulmayan məişət tullantıları tərəfimizdən götürülməyəcək. Müqavilənin aylıq dəyəri 70,90 (yetmiş manat doxsan qəpik) illik dəyəri: 850.00 (səkkiz yüz əlli manat) manat. Azərbaycan Respublikası Tarif şurasının qərarına əsasən 01 dekabr 2011-ci ildən 1m³ məişət tullantısının daşınması və zərərsizləşdirilməsi 11,20 manatdır. Müqavilə 31 dekabr 2024-cü ilədək qüvvədə hesab olunur. Əgər bu müddət qurtarana kimi tərəflərdən birinin müqavilənin ləğv edilməsi və yaxud qiymət dəyişikliyi ilə əlaqədar yenidən baxılması haqqında məlumat verilməzsə müqavilə müddəti sonrakı illər üçün uzadılmış hesab olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, №1765 ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən Salyan Mənzil İTT İB MMC-nin bank hesabına 1228,58 manat məlbəğində vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələrinin tələblərinin pozulmasına dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli X4 Protokol yazılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin məsələ ilə bağlı aşağıdakıları bildiririk: Sözügedən protokolda qeyd edilmişdir ki, "xxxx" MMC (“Salyan-2” YDM) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli X4 Protokol tamamilə əsassızdır. Belə ki, Salyan şəhəri ərazisində yerləşən Şirkətimizə məxsus iki yanacaqqdoldurma məntəqəsi mövcuddur ki, onlardan biri Salyan rayonu, Bakı-Astara yolunun 130-cu km. ünvanında yerləşən 41 saylı “Salyan”, digəri isə Salyan rayonu, Çuxanlı qəsəbəsi, Ələt-Astara yolunun 47-ci km. ünvanında yerləşən 96 saylı “Salyan-2” yanacaqdoldurma məntəqələridir. Hər iki məntəqənin məişət tullantılarının daşınması barədə "xxxx" MMC ilə "xxxx" MMC arasında xx/xx/2024-cw il tarixli, 03 və 23 saylı illik müqavilələr bağlanmış, həmin müqavilərə görə ümumilikdə Şirkətimiz tərəfindən "xxxx" MMC-yə 1228.58 (bir min iki yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) manat pul köçürülmüşdür. Hər iki müqavilənin bağlanma şərti və predmeti "xxxx" MMC tərəfindən Şirkətimizə məxsus sözügedən yanacaqdoldurma məntəqələrində əmələ gəlmiş məişət tullantılarının daşınmasının və zərərsizləsdirilməsinin təmin edilməsindən ibarət olmuşdur. Göründüyü kimi, Şirkətimizə məxsus yanacaqdoldurma məntəqələrində əmələ gəlmiş məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi barədə "xxxx" MMC ilə aramızda müqavilə mövcud olduğu və bu müqavilə üzrə tərəfimizdən ödəniş edildiyi halda, Şirkətimizə məxsus yanacaqdoldurma məntəqəsində əmələ gəlmiş məişət tullantılarının tərəfimizdən arxa hissədə qalaqlanaraq yandırılmasının iddia edilməsi məntiqsiz və gülüncdür. Videogörüntü ilə bağlı qeyd etmək istəyirik ki, videogörüntüdəki şəxsin hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin olması öz təsdiqini tapmır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ hissəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin, “İnsan hüquq və əsas azadlıqları haqqında” Konvensiyanın 8.1 -ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin Konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunvericilikdən aydın olur ki, video yazıları təqdim edən şəxs bunun hansı şəraitdə yazılmasını, bu yazıdan digər şəxsin xəbərdar olub-olmamasını bildirməyə məcburdur. Videoqörüntüdə görüntüləri qeydə alınan şəxsin xəbərdar edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0. 5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı sübuta yetirilmir. Nəticə etibarı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sübut olmadığından X4 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən X4 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X4 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271 -ci maddələri ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli X4 Protokol üzrə başlanılmış X4 iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş X4 06 yanvar 2025-ci il tarixli, MN ******* saylı X4 protokol və on əlavə edilmiş materiallar aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Təsvir olunanlardan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi mövcud deyil. Belə ki, "xxxx" MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün "xxxx" MMC ilə 07 yanvar 2024-cü il tarixdə müqavilələr bağlamışdır. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə əsasən tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMCnin əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, istehsalat və məişət tullantılarının qalaqlanması və yandırılmasına psixi münasibəti qərəzli olmamışdır. Əksinə Şəxs MMC hüquqi şəxs olaraq bu xətaların gələcəkdə baş verməməsi üçün müvafiq müqavil\lər bağlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X4 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X4 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X4 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X4 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə başlanılmış X4 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130, 234.0.5 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə başlanılmış X4 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-391/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-391/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver