Məhkəmə qərarları › İş №3(009)-399/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-399/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-399/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 16 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Lənkəran Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(049)-928/2020 saylı icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 16 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(049)-928/2020 saylı icra sənədinə əsasən Şəxs oğlundan 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs oğlunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, fəhlə işləyir və maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə aliment borcunu müəyyən hissəsini barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. Hazırda həmin borcdan tələbkara 100 manat məbləği ödəmiş, 820 manat borcu qalmışdır. Qalan borcu da ödəyəcəyinə söz verir. Şəxs məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun və borclunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(049)-928/2020 saylı qətanmədən çıxarışına əsasən Şəxs 03 fevral 2020-ci il tarixdən başlayaraq Şəxs oğlundan 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İş materiallarında olan 02.07.2020-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(049)-928/2020 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan 02.07.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya 02.07.2020-ci il tarixli qərarla icraata başlanılmış Lənkəran Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(049)-928/2020 saylı icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Həmçinin həmin bildirişin üzərində “icraata başlamaq haqqında qərarın və bildirişi qəbul etdim 22.07.2020 Şəxs” məzmunlu qeyd yazılmışdır. İş materallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən borclu tərəfindən tələbkarın hesabına 16.02.2022-ci il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2(049)-928/2020 saylı icra sənədinə əsasən Şəxs 03 fevral 2020-ci il tarixdən başlayaraq Şəxs oğlundan 29.04.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədi 02.07.2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs oğlunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Habelə məhkəməyə təqdim edilmiş qəbzlə borclunun 100 manat məbləğində ödəniş etdiyi müəyyən olunur ki, qeyd olunanlar Şəxs hərəkətlərinin qərəzli olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar