Məhkəmə qərarları › İş №3(009)-4/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-4/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-4/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 04 oktyabr 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 27466.00 ABŞ dolları vəsaiti 14 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27466.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 15 sentyabr 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 3(009)-1647/2022 saylı qərarı ilə Şəxs MMC-nin (VÖEN **********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olduğuna görə Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 51672.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 5493.20 ABŞ dolları – yəni 9338.44 (doqquz min üç yüz otuz səkkiz manat qırx dörd qəpik) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilməsi qərara alınmışdır. Şəxs MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1647/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2876/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə «A ƏND J HOLDİNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 3(009)- 1647/2022 saylı qərarı və 21 noyabr 2022-ci il tarixli, 3(009)- 1647/2022 saylı qərardadı ləğv edilərək iş materialları yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi və barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Şəxs 51672.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarına əlavə edilmiş **********7271 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən sifariş edilmiş mallar 20 oktyabr 2022- ci il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarında olan **********7318 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən sifariş edilmiş mallar 20 oktyabr 2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2020-ci il tarixli, 2033 saylı müqavilə və xx.xx.2020-ci il tarixli İNVOİCE əsasında Şəxs MMC tərəfindən 51672.00 ABŞ dolları məbləğində vəsait PİNG AN BANK CO, LTD bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “Wallplus Decor Limited” şirkətinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 018/21 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə bank hesabına 51.672,00 USD məbləğində vəsait daxil olmuşdur. 24.206,00 dollar həcmində mal Azərbaycan Respublikasına çatdırılmışdır. Bununla belə, Covid 19 pandemiyasından dolayı Çin Respublikasında bir sıra zavod fəaliyyətini dayandırmış və xeyli sayda işçi ixtisara salınmışdır. Yaranan bu problemlərə görə, malların tədarük edilməsi üçün müəyyən vaxta ehtiyac olduğundan mallar İrandakı şirkətləri GİTA TEJERAT PİSHGAMAN KHAZAR və STAR GLOBAL HOLDİNG tərəfindən oktyabr ayında çatdırılacaqdır. Mallar 2033 saylı xx.xx.2020-ci il tarixli Müqavilə ilə rəsmiləşdirilmişdir. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış 01 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, “A ƏND J HOLDİNQ " MMC tərəfindən xx.xx.2020-ci il tarixində, xx.xx.2020-ci il tarixli 2033 nömrəli müqaviləyə əsasən 51672.00 USD WALLPLUS DECOR LİMİTED-ə avans ödənişi olmuş və həmin ödənişə görə tərəflərindən banka malların alınması barədə **********3473, **********7271 və **********7318 nömrəli yük gömrük bəyənnamələri təqdim edilmiş, avans ödəniş tam bağlanmışdır. Şəxs MMC ilə “Wallplus Decor Limited” şirkəti arasında bağlanmış 31 avqust 2020-ci il tarixli 2033 saylı müqaviləyə görə divar kağızlarının və kataloqlarının Azərbaycana alınıb gətirilməsinə razılıq əldə edilmişdir. Razılığa əsasən həmin malların əslində ümumi dəyəri 450.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarında olan sənədlərə nəzər saldıqda belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin əlamətləri faktiki olaraq mövcud olsa da, hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, pul köçürmə əməliyyatı yerinə yetirildiyi gündən, yəni 14 sentyabr 2020-ci il tarixindən 2 il ərzində ölkəyə mal idxal olunmalı və ya pul qayıtmalı idi. Deməli inzibati xəta 15 sentyabr 2022-ci il tarixində törədilmişdir. Bu iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin son günü 15 yanvar 2023-cü ildir. Protokol tərtib edilən tarix isə 04 oktyabr 2022-ci ildir. Göründüyü kimi iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Beləliklə hüquqi şəxs inzibati xətanı törətməkdə təqsirli hesab edilsə də, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar