Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-402/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 20 avqust 2021-ci il tarixli qərarından X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi X1 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən, X4 15 avqust 2021-ci il tarixdə saat 23:07-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Həmin qərardan barəsində qərar çıхarılmış şəхs Sərxan Mirzəyev şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 15 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2210/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə X2 şikayətinin təmin edilməməsi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan X4 apellyasiya şikayəti ilə müraciət etmiş. Bakı Apellyasiya Məhkəməsinin 01.02.2022-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli qərarından Sərxan Mirzəyevin verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin 3(009)-2210/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından barəsində qərarı, barəsində qərar çıхarılmış şəхs Sərxan Mirzəyev tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi və işə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, 15 avqust 2021-ci il tarixdə dostunun ad gününü qeyd etmək üçün, yeddi nəfər olaraq, “Unbar" adlı kluba getmişlər. Pandemiya ilə əlaqədar, karantin qaydalarına müvafiq olaraq, klubun əməkdaşları onlara bildirmişlər ki, hamısı bir masa arxasında əyləşə bilməyəcək. Bu səbəbdən onlar üçün qonşu masada servis edərək, məsafəili şəkildə əyləşdirmişlər. Məclis zamanı arabir dostlarını təbrik etmək üçün qonşu masaya yaxınlaşıb badə qaldırmışlar. Belə məqamların birində 39-cu Polis Bölməsinin əməkdaşları kluba daxil olaraq, onlara karantin qaydalarım pozduqlarını bildirmiş və cərimə olunacaqları ilə hədələmişlər. Onlar heç bir pozuntu törətmədiklərini, sadəcə olaraq, dostlarını təbrik etmək üçün, masaya yaxınlaşdıqlarını bildirmişlər. Polis əməkdaşları dediklərinə məhəl qoymamışlar. Bundan sonra polis əməkdaşı barəsində protokol tərtib etmiş və protokolun bir nüxsəsi ona təqdim etməmişlər. Həmin günü spirtli içki təsiri altında olduğundam barəsində əsassız yerə protokolun tərtib olunmasını unutmuşdum. Üstündən bir müddət keçdikdən sonra, asan.pay az səhifəsinə daxil olduqda, kommunal ödənişlər etmək istəyərkən orada cərimələnməsi barədə məlumat yerləşdirilmişdir. Bundan sonra o rəsmi qaydada Səbail RPİ-nə məktubla müraciət edərək barəmdə əsassız tərtib edilmiş protokolu və həmin protokol əsasında araşdırılmadan qəbul edilmiş qərarı ona göndərilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Həmin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra, yəni, 12 oktyabr 2021-ci il tarixdə ünvanına poçt vasitəsilə qərar göndərilmişdir. O, 15 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla və 20 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla tanış olduqdan sonra, həmin protokolun və onun əsasında qəbul edilmiş qərarın əsassız və qanunsuz olmasını görmüşdür. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək, Səbail RPİ-nin 39-cu PB tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli inzibati qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarı ləğv edilməli, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Lakin həmin qərarda X2 hansı inzibati xətanı, nə vaxt və harada törətməsi, yəni epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozulması barədə heç bir məlumat yoxdur. Həmçinin qərar qəbul edilərkən, Sərxan Mirzəyevin iştirakı təmin olunmamış, eyni zamanda onun hansı əməlinin inzibati xəta tərkibi yaratması protokol və qərarda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində qeyd olunmuşdur ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 20 avqust 2021ci il tarixli qərarının ləğv olunması barədə şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin EPQ ******* saylı, 20 avqust 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-402/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-402/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver