Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-404/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 07 sentyabr 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 21 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli MN seriyalı, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 13.02.2022-ci il tarixdə saat 14:15 radələrində Səbail rayonu, T.Əliyarbəyov küçəsində yerləşən “50 qəpik” çay evində vətəndaş Ramazanovdan “Samsung A32” markalı mobil telefonunu daışmaq adı ilə almış, qaytarmadan çıxıb getmişdir. Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək, 13.02.2022-ci il tarixdə əvvəllər tanıdığı Tural adlı şəxsi Masazır qəsəbəsində görmüş ona başqa taksi ilə getmək istədiyini bildirmiş, sonda isə onun maşını ilə şəhərə gəlmişdir. Gedəcəyi ünvan Ayna Sultanovada yerləşən “Nur” market olmuşdur. Yolda olarkən Turala bir neçə sifariş gəlmişdir. Daha sonra Tural taksi şirkətinə həftəlik pulunu verə bilməyəcəyini demiş və ondan 140 manat borc pul istəmiş, o isə həmin pulu vermişdir. Daha sonra həmin borcun 50 manatını qaytarmışdır. Maşında olarkən aralarında mübahisə etmiş, daha sonra “50 qəpik” çay evinə gəlmişlər. Tural onun borcunu qaytarmadığı üçün telefonu götürmüş və oradan uzaqlaşmışdır. Oradan uzaqlaşərkən Turala pulu qaytarmasını, əks halda telefonu satacağını bildirmiş, o isə cavabında “get sat, gör nə olur” demişdir. Daha sonra 28 May ərazisində yerləşən telefon dükanına 180 manata telefonu satmışdır. Dəymiş zərəri ödəməyə hazırdır. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 13.02.2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olarkən Masazır ərazisində maşınına minən Əbdül adlı şəxs Ayna Soltanova ərazisinə getməyi təklif etmişdir. Orada işini bitirdikdən sonra Babək prospekti istiqamətində gedib, oradan isə Nərimanov rayonu ərazisində olarkən Əbdül adlı şəxs ondan 90 manat pul istəmiş və həmin məbləği sonra qaytaracağını söyləmişdir. Daha sonra isə Bakı şəhərinin müxtəlif ərazilərinə getdikdən sonra saat təxminən 14-15 radələrində Səbail rayonunda yerləşən “50 qəpik” çay evində ona məxsus olan Samsung A32 markalı mobil telefonu götürərək yoxa çıxmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda talama inzibati xətasının törətməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Toğrul Əsgərlinin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxsin gələcəkdə müəyyən edilərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tədbir görülməsi qərara alınmışdır. 16 fevral 2022-ci il tarixli MN seriyalı, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.02.2022-ci il tarixdə saat 14:15 radələrində Səbail rayonu, T.Əliyarbəyov küçəsində yerləşən “50 qəpik” çay evində vətəndaş Ramazanovdan “Samsung A32” markalı mobil telefonunu daışmaq adı ilə almış, qaytarmadan çıxıb getmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tarixdə saat 00:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 15 fevral 2022-ci il tarixdən 00:25-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 23 (iyirmi üç) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 15 fevral 2022-ci il tarixdən saat 00:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-404/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-404/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver