Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-417/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 09 fevral 2022-ci il tarixli 13000-0103/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 26.01.2022-ci il tarixli 34/012/000317 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 21.01.2022-ci il tarixdə ixracatçı Türkmənistan Respublikasının “Kyariz qurlushik” şirkəti tərəfindən idxalçı hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına göndərilən mallar **********6418 saylı gömrük bəyannaməsi üzrə idxal edilməklə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük organına elektron formada verilməli olan gısa idxal bəyannaməsi təqdim edilməmiş, həmçinin həmin gömrük bəyannaməsinin 40-cı grafasının boş galması səbəbdən sözügedən gısa idxal bəyannaməsinin təgdim edilməməsi faktı müəyyən olunmuşdur. Müvafig olarag Azərbaycan Respublikasının Gömrük məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair gömrük organlarına elektron formada gısa idxal bəyannaməsinin verilməsi tələb olunur, həmçinin gısa idxal bəyannaməsinin verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, MMC tərəfindən idxal edilmiş mallara dair qısa idxal bəyannaməsi malları daşıyan şirkət tərəfindən nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük sərhədinə çatma vaxtının öncədən MMC-yə bildirilməməsi səbəbindən təqdim edilməmişdir. Hadisə yükü göndərən “Global Seracılık and Agriculture Limited” şirkətinin təqsir ucbatından baş vermişdir. Bu fakt “Global Seracılık and Agriculture Limited” şirkətinin Şəxs MMC-yə ünvanlanmış 26.01.2022-ci il tarixli məktubunda öz əksini tapmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 21.01,2022-ci il tarixində Şəxs MMC (VÖEN: **********) ünvanına 73941312, 73936171, 73944076, 73941114 nömrəli vaqonlar ilə gələn yük “Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin təqdim edilməməsi MMC tərəfindən təqdim edilmiş **********6418 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin elektron sistemindən çıxarışından görünür ki, 73941312, 73936171, 73944076, 73941114 nömrəli vaqonlar ilə Şəxs MMC-nin ünvanına gələn yüklər 21.01.2022-ci il tarixdə saat 11:51, 11:57. 11: 59, 12:04 radələrində “Beynəlxalq Dəniz Ticarət Limanı’’ gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “Global Seracılık and Agriculture Limited” şirkətinin Şəxs MMC-yə ünvanlanmış 26.01.2022-ci il tarixli məktubundan görünür ki, “Global Seracılık and Agriculture Limited” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına Türkmənbaşı stansiyasından göndərilmiş tankerlər Şəxs MMC-yə əvvəlcədən xəbərdarlıq edilmədən göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmir, inzibati xəta tərkibi olmasına dair mötəbər sübutlar yoxdur. Bu isə özü-özlüyündə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını şübhə altına alır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMCyə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (09 fevral 2022-ci il tarixli 13000-0103/22 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-417/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-417/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver