Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-426/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə saat 16:02-də Bakı şəhəri, Səbail rayonu, X7 ev 2, döngə 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada işçi X1 tərəfindən epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. (tibbi qoruyucu maskadan istifadə edilməmişdir) Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək bildirmişdir ki, protokol tərtib edilərkən nümayəndənin iştirakı təmin edilməmiş, protokolda texniki vasitənin istifadə olunması barədə məlumatlar öz əksini tapmamışdır. Qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsindən həmin Məcəllənin 211.2-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan 09.02.2022-ci il tarixdə Şəxs MMC-yə məxsus mağazada çəkilmiş fotoşəkildən görünür ki, işçi tərəfindən tibbi maskadan istifadə edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli protokoldan görünür ki, vergi ödəyicisinin rəsmi və səlahiyyətli nümayəndəsinin izahatının alınması və protokolla tanış etmək mümkün olmamışdır. 09.02.2022-ci il tarixli akta əsasən 09.02.2022-ci il tarixdə Şəxs MMC-nin işçisi qapalı məkanda tibbi qoruyucu maskadan istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-44/2022 saylı, 05.01.2022-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 09 fevral 2022-ci il tarixdə saat 16:02-də Bakı şəhəri, Səbail rayonu, X7 ev 2, döngə 1 ünvanında yerləşən Şəxs mağazasında epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. (tibbi qoruyucu maskadan istifadə edilməmişdir). Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-44/2022 saylı, 05.01.2022-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqan İXM 211.3-cü maddəsi ilə protokol tərtib edərkən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-44/2022 saylı, 05.01.2022-ci il tarixli qərarına istinad etmiş və inzibati xətanın inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi kimi qiymətləndirmişdir. Qeyd olunan qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən Al Marketində işləyən işçi tərəfindən tibbi maskadan istifadə etməməsi müəyyən olunduğundan hüquqi şəxs İXM 211.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri seçilmişdir. Hazırki işdən isə görünür ki, protokol Şəxs MMC barəsində tərtib olunsa da, hazırki xəta Bakı şəhəri, Səbail rayonu, X7 ev 2, döngə 1 ünvanında yerləşən Al Marketində törədilmişdir. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi müəyyən edilmiş, həmçinin qeyd edilən normaya əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Göründüyü kimi inzibati xətalar hüquqi şəxsə məxsus müxtəlif ünvanlarda yerləşən marketlərdə baş vermişdir, inzibati xətalar eynilik təşkil etmir. Bu hal isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini istisna edir. Lakin iş materiallarında olan sübutlarla 09 fevral 2022-ci il tarixdə saat 16:02-də Bakı şəhəri, Səbail rayonu, X7 ev 2, döngə 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması (tibbi qoruyucu maskadan istifadə edilməmişdir) tam sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, törədilmiş əməl Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsindən, həmin Məcəllənin 211.2-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində inzbati tənbeh verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsindən həmin Məcəllənin 211.2-ci maddəsinə tövsif edilsin. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-426/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-426/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver