Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-429/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev İlkin Mehman oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonunun, Yalavac kəndində anadan olmuş, İmişli rayonunun, Yalavac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 18 fevral 2022-ci il tarixdə, saat 12:44 radələrində Səbail rayonu, Badamdar qəsəbəsində “VAZ2107” markalı 10 NY583 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən avtomobilinin konstruksiyasında dəyişiklik olduğu üçün polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qayda pozduğunu bildirdikdən sonra avtomobilin dayanacağa təmin etməsini bildirdikdə sürücü tabesizlik göstərərək bir saatdan çox xidməti vaxtlarını almış, avtomobili ayaqla vurub yüksək səslə nalayiq sözlər işlətdiyi zaman polis əməkdaşları onu intizama dəvət etdikdə əməlini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2 tərəfindən 18 fevral 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Badamdar ərazisindən qayıdarkən yolda yol patrul xidməti tərəfindən avtomaşında edilmiş konstruksiya dəyişikliyinə görə saxlanılmışdır. O öz ustasına bu halı aradan qaldırmasını demişdir. Sırf bu səbəbə görə bir dəfə də belə hal olmuşdur, polis tərəfindən saxlanılmışdır. Ustası ona avtomaşınını polis saxladığı halda, ona zəng etməsini, onun özünün hər şeyi izah edəcəyini bildirmişdir. Onu yol polisi əməkdaşları saxladıqda o öz ustası ilə əlaqə saxlamışdır. Polis əməkdaşları ilə danışdıqdan sonra konstruksiya dəyişikliyi olduğu müəyyən edilmişdir. Daha sonra onlara kiminsə zəng edəcəyini dediyinə görə gözləmişdir. Əsəbləşdiyi üçün öz şəxsi maşınını təpikləmişdir. O dəyişikliyin nədə olduğunu dəqiqliyi ilə başa düşmür. Əməlindən səmimi peşman olduğunu barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol patrul xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, sürücü onlar tərəfindən saxlanılmışdır. Ona yaxınlaşaraq özünü təqdim edib, avtomaşında konstruksiya dəyişikliyi olduğunu izah etmişdir. Mübahisə etdikdən sonra, öz ustası ilə danışıb. Usta onunla da telefonda danışdıqdan sonra maşında dəyişikliyin olduğunu bildirib. Sürücü nəqliyyat vasitəsinin dayanacağa yerləşdirilməsindən imtina etdi. 1 saat 20 dəqiqə hardasa vaxtlarını aldı. Dəfələrlə izah etmələrinə baxmayaraq sürücü avtomaşını yandırmaqla belə hədə-qorxu gəldi. Sonra həmin əraziyə çevik polis alayını dəvət etmişlər. Çevik polis alayının əməkdaşları da, sürücünün etdiyi qayda pozuntusunu 15 dəqiqə sürücüyə izah etdi, buna baxmayaraq, sürücü avtomaşını dayanacağa yerləşdirməkdən imtina etdi. Bir müddətdən sonra avtomaşınını təpikləməyə başladı. Yüksək səslə ünvansız nalayiq küçə söyüşləri söyməyə başladı. Polis əməkdaşları onun avtopatrula əyləşməsini istədikdə onlara müqavimət göstərdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 18 fevral 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 fevral 2022-ci il tarixdə, saat 12:44 radələrində Səbail rayonu, Badamdar qəsəbəsində “VAZ2107” markalı 10 NY583 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məsuliyyəti ağırlaşdıran halın və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan BB 008482 saylı, 18 fevral 2022-ci il tarixli İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 18 fevral 2022-ci il tarixdə saat 14:00 radələrində tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. O dərhal məhkəmə iclasından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-429/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-429/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver