Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-43/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan protokol əsasında 23 noyabr 2022-ci il tarixində onun tərəfindən məhkəməyə artıq müraciət olunmuşdur. Məhkəmə tərəfindən (İş N 3(009)-1887/2022) qərardad çıxarılmış və EQ 11618519 saylı protokolun qərarı təqdim olunmadığına görə şikayət geri qaytarılmışdır. Qərar polis orqanları tərəfindən ona təqdim olunmadığı üçün 05.12.22-ci il tarixində AsanPay sisteminin Şikayətlər bölməsindən aidiyyatı üzrə, həm də poçt vasitəsilə 06.12.22-ci il tarixində DİN-in Bakı şəhər Baş Polis İdarəsi DYPİ İdarəsinin rəisi Rəşid Piriyevə rəsmi müraciət ünvanlamışdır. Uzun zaman keçdikdən sonra nəhayət 27.12.22-ci il tarixində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin məktubu ona təqdim olundu. Çatışmayan sənədləri topladıqdan sonra ədalətin bərqərar olunması məqsədilə yenidən məhkəməyə müraciət edir. 05 oktyabr 2022-ci il tarixində AsanPay sistemində olan şəxsi kabinetinə mülkiyyətində olan Hyundai markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi xüsusi texniki vasitənin köməyi ilə foto və video görüntü götürülərək barəsində inzibati protokol tərtib olunması haqqında məlumat daxil olmuşdur. X4 Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyinə görə 40 (qırx) manat məbləğində cərimə olunması qeyd edilmişdir. Həmin protokol üzrə AsanPay sisteminin şəxsi kabineti vasitəsilə dərhal şikayət ünvanladı. Lakin AR DİN Bakı şəhəri, BDYPİ-nin 046-126691 A-4222 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda şikayətinin təmin olunmadığı bildirilmişdir. Qeyd olunan inzibati tənbeh BDYPİ tərəfindən verilməsi və şikayətindən sonra qüvvədə saxlanılmasını ədalətsiz hesab edir. Belə ki, cərimə olunduğu ərazidə yol nişanlarının(4.1.4), habelə yolun nişanlanmasının (1.18 və sair) yanlış olduğunu aşkar şəkildə müşahidə etmək mümkündür. Sürücüləri istiqamətləndirmək üçün istifadə edilən və yolayrıcında hərkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən 1.18 nişanı qaydalara uyğun olaraq 50 metr öncə 3 dəfə təkrarlanmalıdır ki, nəqliyyat vasitəsinin sahibi tutduğu yolun istiqamətini əvvəlcədən düzgün tənzimləsin. Həmçinin qeyd etmək istəyir ki, yolun həmin kəsiyində asfalt örtüyü üzərində çəkilən ayırıcı zolaq funksionallığını itirməklə yanaşı böyük tıxaca səbəb olur. Belə ki, əvvəllər həmin yol, ikitərəfli kimi istifadə olunub. Nefçilər prospektindən dönən nəqliyyat vasitələrinə həmin ayırıcı zolaq vasitəsilə Zərifə Əliyeva prospektinə daxil olmaq imkanı yaradırdı. Lakin son illər ərzində yolun həmin hissəsi birtərəflidir və Azadlıq prospektindən gələn nəqliyyat vasitələri Nefçilər prospektinə doğru keçid edə bilirlər. Yuxarıda yazılanları nəzərə alaraq birmənalı şəkildə qeyd etmək olar ki, yolun həmin hissəsi qaydalara və AZSTAND-nın tətbiq olunan standartlarına uyğun tənzimlənmir. Belə olan təqdirdə qərar nəqliyyat vasitəsinin sahibinin lehinə həll olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3.-cü maddəsini rəhbər tutaraq barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11618519 saylı inzibati protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat verərək məhkəməyə həmin ərazinin fotoşəkillərini təqdim etdi və qeyd etdi ki, yerləşdirilmiş “Giriş qadağandır” yol nişanından da görünür ki, nəqliyyat vasitələrinin Neftçilər prospektindən Zərifə Əliyeva prospektinə daxil olması qadağandır. Hazırda yolun birtərəfli olması nəzərə alındıqda həmin ayırıcı zolaq öz funksionallığını itirmişdir. İnzibati xəta hadisəsini törətmədiyi üçün şikayətin təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X5 şikayətə etiraz edərək bildirdi ki, X1 barəsində çıxarılmış Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 05 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri, Azadlıq meydanı, Hökumət evinin qarşısında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 03 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə X3 «Hyundai» markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Neftçilər prospektində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 16-cı bəndinin tələbini pozaraq istiqamətləndirici adacığın üzərində hərəkət etməyiniz foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə EQ 11618519 nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Araşdırma zamanı inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi hallan müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitələrinin Neftçilər prospektindən Zərifə Əliyeva prospektinə daxil olmasını qadağa edən “Giriş qadağandır” yol nişanı yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar qərarda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Ən əsası yol hərəkət nişanının düzgün və yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirilməsi və istifadəsi tam, hərtərəfli araşdırılmamışdır ki, işin düzgün həlli üçün bu halın aydınlaşdırılması zəruridir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması, mövcud ziddiyyətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, EQ 11618519 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-43/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-43/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver