Məhkəmə qərarları › İş №3(009)-436/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-436/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-436/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, AR-nın vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru İlham Əliyev tərəfindən Xətai Rayon Məhkəməsinin e-16(011)-1317/2024-003 nömrəli, xx.xx.2024-cüil tarixli icra sənədinə əsasən mən Şəxs Xaliq oğlundan hər ay 235 manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmçinin, Xətai Rayon Məhkəməsinin e-2(011)-321/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən o, Şəxs xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Əlavə xərclərə görə xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 60 (altmış) manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə tələbi icra etməyən xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru İlham Əliyev göstərmişdir ki, məhkəmə iclasında borclu tərəfindən tələbkara alimentlə bağlı yaranmış 1545 manat borc tam ödənildi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X2 izahatında bildirmişdir ki, Şəxs alimentlə bağlı yaranmış 1545 manat borc tam həcmdə məhkəmə prosesində ona ödənilmişdir. Bu səbəbdən borclu barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, maddi imkanı olmadığı üçün hazırki vaxtadək yaranmış aliment borcunu ödəyə bilməmişdir, hazırda məhkəmə iclasında həmin borc, yəni 1545 manat pul tələbkar A.Vəlizadəyə verilmişdir. Bunu nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tələbkar X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə borclu Şəxs tərəfindən aliment öhdəliyi üzrə yaranmış 1545 manat borcun məhkəmə iclasında ödənildiyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs azyaşlı övladının saxlanılması üçün müəyyən edilən aliment məbləğinin ödənilməyən hissəsi (1545 manat) hazırki məhkəmə prosesində borclu tərəfindən tələbkara tam ödənilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edərək məhkəmə iclasında tələbkara tam həcmdə ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar