Məhkəmə qərarları › İş №3(009)-45/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-45/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-45/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi Bakı şəhəri Kaspian Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 10 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və təbbi sərvətlər idarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı qərar əsassız tərtib olunduğundan ləğv olunması xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayonu, Badamdar qəsəbəsi, Massiv 1, S.Məmmədov küçəsində yerləşən “Baku Garden” restoranını icarə əsasında işlədir. 10 dekabr 2024-cü il tarixdə 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsi onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməklə, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və nəticədə onu qarşı 2500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarla tanış oldu və hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda qeyd edilir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 1, S.Məmmədov küçəsində yerləşən “Baku Garden” restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən həddən artıq olması, qaz-toz tutucu qurğunun quraşdırılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Açıq aşkar göründüyü kimi, qərarda sadəcə olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin dispozisiyasında göstərilən cümlələr qərara köçürülmüş və barəmdə formal xarakterli qərar qəbul edilmişdir. İcarə əsasında işlətdiyi “Baku Garden” restoranı tərəfindən atmosferə hansı miqdarda zərərli maddələrin atılması, “həddən artıq” dedikdə konkret olaraq nə qədər olması qeyd olunmamışdır. Buna səbəb isə odur ki, araşdırma formal və qeyri-obyektiv aparılmış və onu qarşı qərəzli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən qərarı poçt vasitəsilə əldə etmiş və İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddəti ötürməmişdır. Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 10 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edərək, barəsində aparılan iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi Bakı şəhəri Kaspian Vəkil Bürosunun vəkili Nümayəndə şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 10 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 1 küçəsində Baku Garden restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin yolveriləbilən həddən artıq olması səbəbindən X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 2500 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 1 küçəsində Baku Garden restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin yolveriləbilən həddən artıq olduğu faktı öz təsdiqini tapmır və heçbir vasitə ilə sübuta yetirilmir. Eyni zamanda ölçmə zamanı istifadə olunan cihazın müvafiq sertifikatının olması və metroloji sınaqdan keçirilməsi barədə məlumat inzibati xəta haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci madəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci madəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X2 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 10 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun. X3 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar