Məhkəmə qərarları › İş №3(009)-450/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-450/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-450/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 17 avqust 1970-ci il tarixdə Azərbaycan Respublikası, Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəh., Sabunçu ray., Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 409094, m. 13də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 05 fevral 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.01.2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Opel Meriva” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o uzun müddətdir avtomobil idarə edir və “BC” kateqoriyalı sürücülük hüququna malikdir.01.01.2022- ci il tarixdə saat 18:30 radələrində o etibarnamə əsasında idarə etdiyi “Opel Meriva” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dəniz vagazalının qarşısında, yolun sağ istiqamətində avtomobili saxlayıb şəxsi işləri ilə əlaqədar bir nəfər şəxsi gözləmişdir. Bir neçə dəqiqə orada dayandqdan sonra həmin şəxslə əlaqə saxlayıb və həmin şəxs digər küçədə onu gözləməsini bildirmişdir. Bu səbəbdən avtomobili hərəkət etdirməyə başlayaraq Neftçilər küçəsi ilə hərəkət etməyə başlamışdır. O Abşeron hotelinin digər tərəfinə getmək üçün Neftçilər prospektindən Zorge küçəsinə daxil olmaq qərarına gəlmişdir. Belə ki, Neftçilər küçəsi ilə yolun sağ istiqamətindən hərəkət edib sol xəbərdaredici işığı yandırıb sol istiqamətə doğru yavaş-yavaş hərəkətə edərək Zorge küçəsinə daxil olmaq istəmişdir. Belə ki, sağ istiqamətdən sol istiqamətə doğru hərəkət edib Zorge küçəsinə daxil olmaq istəyən zaman gözlənilmədən arxadan Neftçilər prospekti ilə hərəkət edən motosiklet, idarə etdiyi avtomobilin qabaq sol qapı hissəsi ilə toqquşması nəticəsində YNH-si baş vermişdir. Baş vermiş hadisədən sonra o dərhal avtomobili saxlayıb həmin motosikleti idarə edən sürücüyə köməklik göstərmişdir. Hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başlamışlar və o da həmin araşdırmada iştirak etmişdir. Daha sonra isə motosikleti idarə edən sürücünü idarə etdiyi avtomobilə əyləşdirib 1 saylı poliklinikaya aparıb həkimə müraciət etmişlər. Orada onu müayinə edib tibbi yardım göstərib ambulator müalicə üçün evə buraxmışlar. Həmçinin Şəxs bildirmişdir ki, həmin zaman avtomobili 30-40 s/km sürətlə idarə etmişdir.Hadisə qəflətən, gözlənilmədən baş verdiyi üçün motosiklet ilə toqquşma təhlükəsinin neçə metr məsafədə yaranmasını görə bilməmişdir. O spirtli içki qəbul etməmişdir. Avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, onun heç bir şikayət və tələbinin olmamasının, ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, bildirdi ki, 01.01.2022- ci il tarixdə saat 18:30 radələrində o özünə məxsus idarə etdiyi “Haojue” markalı, 99-B-674 dövlət nömrə nişanlı motosikl ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə Dəniz vağzalı istiqamətinə doğru yolun sol istiqaməti ilə hərəkət etmişdir. Hərəkətdə olan zaman Zorge küçəsinin kəsişməsinə çatdıqda gözlənilmədən Neftçilər prospekti ilə sağ istiqamətdən, yəni Dəniz vağzalı istiqamətdən hərəkət edən Opel markalı avtomobil yerdəyişmə hərəkəti edib sağ istiqamətdən sol istiqamətə çıxaraq Zorge küçəsinə daxil olmaq istəmişdir. Həmin avtomobilin gözlənilmədən sağ istiqamətdən yerdəyişmə əməliyyatı edib sol istiqamətə çıxaraq Zorge küçəsinə daxil olmasını görüb o dərhal tormoz əyləcini basıb baş verəcək təhlükənin qarşısını almaq istəmişdir. Lakin məsafə az olduğundan və həmin avtomobilin gözlənilmədən qarşısına çıxması səbəbindən təhlükənin qarşını ala bilməmiş və idarə etdiyi motosiklin qabaq hissəsi ilə həmin avtomobilin sol yan hissəsinə toqquşması nəticəsində YNH-si baş vermişdir. Baş vermiş hadisə zamanı o motosikl ilə birlikdə yerə yıxılaraq xəsarət almışdır. Həmin zaman bir neçə şəxs ona yaxınlaşıb köməklik göstərməyə başlamışlar. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdıma aparmağa başlamışlar. Hadisə zamanı o xəsarət aldığı üçün Opel markalı avtomobilin sürücüsü onu idarə etdiyi avtomobilə əyləşdirib 1 saylı poliklinikanın travmotologiya şöbəsinə aparmışdır. Orada onu müayinə edib, ilkin tibbi yardım göstərib, müayinələrdən keçirdib ambulator müalicə üçün evə buraxmışlar. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin zaman motosikli 50-60 s/km sürətlə idarə etmişdir. Opel markalı avtomobilin onun hərəkət etdiyi hərəkət istiqamətinə çıxması qəflətən baş vermişdir. Opel markalı avtomobil ilə toqquşma təhlükəsinin yaranmasını təxminən 3- 4 məsafədə görmüşdür. Baş vermiş hadisə zamanı sağ almacıq sümüyündən, sağ əlindən, sağ dizindən, sağ topuq nahiyyəsindən və bədəninin müxtəlif hissələrindən xəsarət almışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Şəxs və Zərərçəkmiş şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın 19 saylı 10.01.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ göz almasının ağlı qişasının total qansızması, sağ gözaltı nahiyənin qançırı və sağ əlin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.01.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi o, cümlədən hərəkətdə olan motosikletin avtomaşınla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 01.01.2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Opel Meriva” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən Dəniz vagazalının qarşısı ilə yolun sağ istiqaməti ilə hərəkət edib Neftçilər prospekti ilə Zorge küçəsinin kəsişməsində yerdəyişmə əməliyyatı edib yolun sağ istiqamətindən sol istiqamətinə hərəkət edərək Zorge küçəsinə daxil olmaq istəyən zaman ehtiyatszılq edib Neftçilər prospekti ilə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Haojue” markalı, 99-B-674 dövlət nömrə nişanlı motosikl ilə toqquşmuş və toqquşma nəticəsində sürücü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar