Məhkəmə qərarları › İş №3(009)-461/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-461/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-461/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2001-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Qəbələ rayonunda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru X2 tərəfindən 25 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 25 mart 2023-cü il tarixdə saat 16:10 radələrində idarə etdiyi “TOYOTA PRİUS HİBRİD” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini qəfətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halına yol vermişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 25 mart 2023-cü il tarixdə saat 16:10 radələrində Şəxs idarə etdiyi “TOYOTA PRİUS HİBRİD” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəsul Rza küçəsi ilə Xəqani küçələrinin kəsişməsində avtomobili qəflətən yerindən sürətləndirməklə “Malakan bağı” ətrafında **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıyev Ziya ilə birlikdə davamlı olaraq eyni hərəkətləri etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə ona yaxınlaşaraq və əməlində avtoxuliqanlıq olduğunu izah etmişlər. Şəxs idarə etdiyi “TOYOTA PRİUS HİBRİD” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini qəfətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxmış və nəticədə İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək öz izahatında göstərmişdir ki, 25 mart 2023-cü il tarixdə saat 16:10 radələrində Rəsul Rza küçəsi ilə Xəqani küçələrinin kəsişməsində avtomobili qəflətən yerindən sürətləndirməklə “Malakan bağı” ətrafında **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıyev Ziya ilə birlikdə davamlı olaraq eyni hərəkətləri edirdi. Daha sonra ərazidə olan YPX və PPX əməldaşları onlara yaxınlaşmış və əməlində avtoxuliqanlıq olduğunu onlara izah etmişlər. Törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş elektron daşıyıcıda əks olunmuş videoçəkilişə baxış zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, həmçinin elektron daşıyıcıda əks olunmuş videoçəkiliş ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşam olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallat müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha əsaslı və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar