Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-466/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X7 oğlunun iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:15-də Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları, ev 1/5 ünvanında yerləşən “Tavada” restoranında epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)-2194/2020 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Şəxs MMC apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-329/2021 saylı qərarı ilə Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(009)- 2194/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X7 oğlu inzibati xəta haqqında protokola etiraz edərək müştərilərə 4 nəfərlik yerlərin təklif edildiyini, eləcə də Nazirlər Kabinetinin qərarına uyğun olaraq epidemiya əleyhinə rejim sanitariya gigiyena və karantin qaydalarına əməl edilərək xidmət göstərildiyini bildirmişdir. İnzibati xətanın onların təqsiri üzündən baş vermədiyinin, müştərilərin mövcud qaydalara uyğun olaraq yerləşdirildiyinin, lakin xanımlardan birinin rəfiqələri ilə şəkil çəkdirmək üçün yerini dəyişdiyinin, adminstrator olaraq həmin xanıma irad bildirildikdən sonra onun öz yerinə qayıdıb əyləşdiyinin, bunun isə müşahidə kameralarında əks olunduğunu qeyd etmişdir. Qeyd olunmuş inzibati xətanı bilavasitə sanitariya-gigiyena və karantin qaydalarını kobud şəkildə pozan, hüquqi şəxsin irad və xəbərdarlığına məhəl qoymayan fiziki şəxslər törətmiş, lakin həmin fiziki şəxslərin kimliyi araşdırılmamış və barələrində protokol tərtib olunmamışdır. Buna baxmayaraq mövcud qaydalara riayət edərək həmin şəxslərə xüsusi xəbərdarlıq edən və iradını bildirən hüquqi şəxs Şəxs MMC barəsində protokol tərtib olunmuşdur. Onların hüquq mühafizə səlahiyyətləri olmadığından həmin fiziki şəxslərə qarşı yalnız irad və xəbərdarlıqlarını bildirmişlər. Digər şəkilin isə ümumiyyətlə onların obyektində çəkilmədiyini bildirərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:15-də Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları, ev 1/5 ünvanında yerləşən “Tavada” restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Şəxs MMC-yə məxsus “Tavada” restoranında qida qəbulu zalında 4 nəfər 1 masa arxasında əyləşmiş və bu zaman oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən az olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxsin “Tavada” restoranının adminstratoru X3 izahatında 4 nəfərin 1 masa arxasında əyləşdiklərini, müəyyən müddət sonra xanımlardan 1 nəfərinin restoran işçisinə məlumat vermədən “selfi” çəkdirmək üçün 2 xanımın yanına keçdiyini, lakin ona irad bildirildikdən sonra həmin xanımın öz yerində əyləşdiyini göstərilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi şəxsin “Tavada" restoranı üzrə adminstratoru X1 izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə həmin restoranda müştərilərə 1-ci masada 4 nəfərlik yer təklif olunmuş, yer ayrılmazdan əvvəl epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimi dövründə tədbirlər çərçivəsində onların hərarəti yoxlanılıb, əllərinə spirt vurulub və ara məsafəsinin saxlanılmalı olması barədə məlumatlandırıldıqdan sonra 4 nəfər bir masa ətrafında əyləşiblər. Bir müddət keçəndən sonra həmin xanımlardan biri restoran işçilərinə məlumat vermədən yer dəyişikliyi edərək digər iki xanımın yanında əyləşib selfi çəkdirmişdir. O, restoran administratoru olaraq həmin xanıma öz iradını bildirdikdən sonra xanım öz yerinə qayıtmışdır. Bu da “Tavada” restoranının mühafizə və təhlükəsizlik kameralarında öz əksini tapmaqla həmin görüntülərlə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan videogörüntüdən müəyyən edilir ki, 4 nəfərin əyləşməsi üçün nəzərdə tutulan masada 3 nəfər bir, digər bir nəfər xanım isə qarşıda tək əyləşmiş, restoranın səlahiyyətli şəxsi bu halı müəyyən edərək həmin xanıma yaxınlaşıb ona nə isə dəyərək əli ilə qarşıdakı, yəni bir nəfər tək əyləşmiş xanımın yanında olan boş yeri göstərib stulu onun üçün arxaya çəkərək həmin xanımı ora dəvət etmiş, xanım isə restoranın səlahiyyətli şəxsi ilə razılaşaraq onun göstərdiyi yerdə əyləşmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə tərtib edilmiş Akta nəzər salındıqda müəyyən edilir ki, sözü gedən aktdakı imzalar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Halbuki, protokol tərtib edilən vaxt “Tavada” restoranının adminstratoru X3 iştirak etmiş və ondan izahat alınmışdır. Göründüyü kimi “Tavada” restoranının adminstratoru X1 qeyd edilən aktda imza etməməsi (iştirakının təmin edilməməsi) bir daha inzibati xəta hadisəsinin baş verməsini və sözü gedən aktı şübhə altına alır. Xüsusi ilə qeyd edilməlidir ki, vergi xidməti əməkdaşlarının “Tavada” restoranına daxil olaraq özlərini təqdim etmələri, xidməti vəsiqələrini göstərmələri və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə gəldiklərini bildirmələri iş materialları ilə sübut edilməmişdir. Bu hal isə Metodiki Təlimata zidd olmaqla yanaşı, inzibati xətanın törədilməsini şübhə altına alır. Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxx 2020-ci il tarixli Metodiki Təlimatının 2-ci bəndində qeyd olunmuşdur ki, xüsusi karantin rejimi tətbiq edilən dövrdə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün əməkdaşlar tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin fəaliyyət göstərdiyi əraziyə daxil olarkən ilk növbədə özlərini təqdim etməli, xidməti vəsiqələrini göstərməli və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə gəldiklərini bildirməlidirlər. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda Şəxs MMC-yə məxsus “Tavada” restoranında karantin qaydalarının pozulması müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-466/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-466/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver