Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-467/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirəndirilməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib edilmiş 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 24 fevral 2022-ci il tarixdə saat 00:05 radələrində sərxoş vəziyyətdə ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 23 fevral 2022-ci il tarixdə saat 24:00 radələrində ona məxsus ** PH *** “Khazar” markalı maşınla Səbail rayonu, Salyan şossesi istiqamətində hərəkət etmişdir. Həmin gün bir qədər spirtli içki qəbul etmişdir. YPX əməkdaşları saxla əmri vermiş və o avtomobili saxlamışdır. Daha sonra onu spirtli içki qəbul etdiyi üçün inzibati məsuliyyətə cəlb etmək istəyərkən o etiraz etmiş və avtomaşını duracağa yerləşdirməkdən imtina etmişdir. Yol patrul xidməti əməkdaşları onu həkim müayinəsindən keçməsini tələb etdikdə o etiraz edərək öz maşınına vuraraq zərər yetirmişdir. Daha sonra hadisə yerinə Çevik polis əməkdaşları cəlb edilmiş və onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirmişlər. Şəxs əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib, ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin DYPŞ-nın yol patrul xidməti inspektoru X2 izahatında bildirmişdir ki, 24.02.2022-ci il tarixdə saat 00:05 radələrində Salyan şossesində hərəkətdə olarkən 1.1 və 1.3 üfiqi nişanlanma xəttinin tələbini pozan **-PH-*** “Khazar” markalı avtomobilinə “saxla” işarəsi vermiş, sürücüyə yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusu izah edilmişdir. Sürücü ilə ünsiyyət zamanı spirtli içki iyi gəldiyini hiss etmiş və sürücü də spirtli içki içdiyini etiraf etmişdir. Sürücünü həkim müayinəsinə dəvət etmiş və maşının duracağa təmin ediləcəyini bildirmişdir. Bu zaman sürücü tabesizlik göstərərək heç yerə getməyəcəyini bildirmişdir. Sürücü Şəxs əsəbi halda tabesizlik göstərərək idarə etdiyi avtomaşına əl və ayağı ilə zərbələr endirərək avtomaşını yandıracağını bildirmişdir. Daha sonra əraziyə ÇPA əməkdaşları çağırılmış və onlar tərəfindən sürücü Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparılmış və avtomobil duracağa yerləşdirilmişdir. Şəxs həkim müayinəsinə aparılmış, sürücü müayinədən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 X5 polis nəfəri X6 izahatında bildirmişdir ki, 24.02.2022-ci il tarixdə saat 00:10 radələrində Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati ərazisində 2443 çağırışlı avtopatrulla xidmət apararkən radiostansiya vasitəsi ilə 253 çağırışlı YPX patruluna köməyə çağırılmışlar. Həmin əraziyə yaxınlaşan zaman bir nəfər şəxsin “Khazar” markalı maşına yumruq və ayaqla ziyan vurduğunu görmüşlər. Həmin şəxs tabesizlik etdiyi üçün onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 24 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24.02.2022-ci il tarixdə saat 00:05 radələrində sərxoş vəziyyətdə ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx xxxx 1987ci il təvəllüdlü Şəxs 24 fevral 2022-ci il tarixdə, saat 01:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə elektron portalından çıxarışa əsasən Şəxs himayəsində 1 azyaşlı övladı vardır- 22 iyul 2018-ci il təvəllüdlü X4. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 24 fevral 2022-ci il tarixdən saat 01:45-dən 24 fevral 2022-ci il tarixədək saat 14:00-dək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən 1/4 hissəsi çıxılmalı və o cərimənin 1/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-467/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-467/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver