Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-47/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X2, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar ilə “X3 Hotel & Leisure Resort” Mehmanxanasının meneceri olaraq vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar ədalətsiz, əsassız, qanunsuzdur və inzibati xətalar qanunvericiliyinin prinsiplərinə ziddir. Mehmanxananın fəaliyyətinin hər zaman Azərbaycan Respublikasının müvafiq qanunları və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş müvafiq qaydalarda nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə uyğun olmasına və bu tələblərə ciddi əməl edilməsinə daimi ciddi nəzarət etmiş və həmin tələblərin pozulmasına heç vaxt yol verməmişdir. Koronavirus (COVİD-19) pandemiyası dövründə mehmanxanada Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na da tam riayət olunur və bununla bağlı ciddi nəzarət olunur. Mehmanxananın girişində və digər ümumi istifadədə olan ərazilərində mehmanxananın ərazisinə müvafiq fərdi qoruyucu vasitələrsiz daxil olmağın qadağan olduğuna, şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsinə, fiziki məsafəni saxlamaqla müvafiq sosial distansiya qaydalarına əməl edilməsinə dair müvafiq afişalar, məlumat lövhələri və digər yazılı xatırlatmalar yerləşdirilmişdir. Mehmanxanaya fərdi qoruyucu vasitələrsiz daxil olmaq mümkün deyil. Mehmanxanada fərdi qoruyucu vasitələrdən istifadə edilməsinə ciddi nəzarət olunur. İşçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə riayət etməli olduqlan davranış qaydaları, o cümlədən tələb olunan gigiyena və sanitariya tədbirləri barədə bukletlər bütün yaşayış otaqlarında, afişalar, məlumat lövhələri və digər yazılı xatırlatmalar mehmanxananın girişində və digər ümumi istifadədə olan ərazilərində yerləşdirilmişdir. Mehmanxana şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələr, əl dezinfeksiyaedici məhlulları, əl salfetləri, üz maskaları, əlcəklər və digər qoruyucu vasitələr ilə tam təmin edilmişdir. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlar əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələri ilə tam təmin edilmişdir. Mehmanxananın işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan bütün gigiyena və sanitariya tədbirlərini tam tətbiq edir və həmin tələblərə tam cavab verir. Bütün sadalananlan mehmanxanın bütün əməkdaşları da təsdiqləyə bilər. Agentliyin nümayəndələri mehmanxanada monitorinqi keçirən zaman fərdi qoruyucu vasitələr və ləvazimatların mehmanxanada mövcud olub-olmamasını müvafiq siyahıya uyğun yoxladılar. Həmin siyahıya əsasən mehmanxanada spirt, əlcək, xələt, kombinezon, üz sipəri, baxil və s. olmalı idi. Həmin fərdi qoruyucu vasitələr və ləvazimatların hamısı mehmanxanada var idi və onlar mehmanxanamn qəbul şöbəsində və digər otaqlarında saxlanılırdı. Lakin, Agentliyin nümayəndələri bildirdilər ki, həmin fərdi qoruyucu vasitələr və ləvazimatlar qonaqların otağının yanında karantin otağında saxlanılmalı idi və buna görə ona cərimə tədbiq etmişlər. Agentliyin nümayəndələri onun barəsində protokolu tərtib etmək üçün əsas kimi fərdi qoruyucu vasitələr və ləvazimatların karantin otağında deyil mehmanxananın qəbul şöbəsində və digər otaqlarında saxlanılmasını rəhbər tutublar. Halbuki, fərdi qoruyucu vasitələr və ləvazimatların daha da əlçatan olması üçün onların yalnız karantin otağında deyil, həmçinin digər otaqlarda da saxlanılması daha məqsədə uyğundur. Agentliyin nümayəndələri bununla bağlı inzibati tənbeh növü kimi ilk dəfə ona xəbərdarlıq edə bilərdilər. Lakin nədənsə Agentliyin nümayəndələri inzibati tənbeh növü kimi dərhal onun barəsində inzibati cəriməni tədbiq etdilər. Bu hərəkətləri ilə Agentliyin nümayəndələri inzibati məsuliyyətə əsas olmadan cəlb edərək onun təqsirsizlik prezumpsiyasını və ədalətlilik prinsipini də pozublar. Koronavirus (COVİD-19) (pandemiyasından ən çox zərər çəkmiş sahələrdən biri də mehmanxana fəaliyyətidir. Bununla bağiı mehmanxananın fəaliyyətindən mənfəət əldə olunmur və ancaq işçilərin maaşsız qalmaması üçün mehmanxana öz fəaliyyətini qismən davam etdirir. İqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar mehmanxana ağır bir maliyyə vəziyyətində öz fəaliyyətini qismən olsa da davam etdirməyə çalışır. Lakin belə bir durumda mehmanxananın 3000 (üç) min manat məbləğində cərimə edilməsi mehmanxananın fəaliyyətinin dayandırılmasına və işçilərin işsiz qalmasına səbəb ola bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105.1-ci, 114.2 və 114.2.1,-ci maddələrini rəhbər tutaraq, məhkəmədən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xətaya dair iş üzrə qəbul edilmiş protokola dair qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X3 Hotel & Leisure Resort” oteldə monitorinq zamanı epidemiya əleyhinə rejimin sanitariya gigiyena və karantin rejimləri pozulmuş, X2 Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş otel ərazisində “Təhlükəsizlik və Sağlamlığın qorunması üçün görülən tədbirlər”ini özündə əks etdirən şəkillərdən, monitorinq formalarından, BP şirkəti ilə akkomodasiya xidmətləri göstərilməsi haqqında baş sazişdən, epidemiologiya işlərinin tamamlanması haqqında aktından və təmizlik şöbəsində işin aparılması cədvəlindən görünür ki, mehmanxana şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələr, əl dezinfeksiyaedici məhlulları, əl salfetləri, üz maskaları, əlcəklər və digər qoruyucu vasitələr ilə təmin edilmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün yenidən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-47/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-47/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver