Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-481/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləyən, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 02:30 radələrində idarə etdiyi “Volsvagen Passat” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Dənizkənarı” Milli Parkda ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, AZA 014798 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X5 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində “Volsvagen Passat” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomaşını Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində səkidən qaldıraraq “Dənizkənarı” Milli Park istiqamətində hərəkət etmiş, avtomaşını bir müddət Milli parkın ərazisində saxlamış, daha sonra ərazidə xidmət aparan Səbail RPİ-nin PPXB-nin əməkdaşları həmin şəxsə yaxınlaşaraq Milli Park ərazisində avtomaşın saxlanılmasının qadağan olduğunu və avtomaşını burada saxlamamasını bildirsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, avtomaşını onların üzərinə sürmüş və daha sonra ərazidən uzaqlaşmışdır. Hadisənin səhəri günü həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və bölməyə gətirilərək barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində idarə etdiyi “Volsvagen Passat” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində səkidən qaldıraraq “Dənizkənarı” Milli Park istiqamətində hərəkət etmiş, avtomaşını bir müddət Milli parkın ərazisində saxlamış, daha sonra ərazidə xidmət aparan Səbail RPİ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşaraq Milli Park ərazisində avtomaşın saxlanılmasının qadağan olduğunu və avtomaşını burada saxlamamasını bildirsələr də, o, avtomaşını sürərək ərazidən uzaqlaşmışdır. Bu səbəbdən polis bölməsinə gətirilmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 02:30 radələrində “Volsvagen Passat” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün avtomaşını Bakı şəhəri, Səbail rayonu “Dənizkənarı” Milli Park ərazisində saxladığını görmüş, xidmət yoldaşı ilə həmin avtomaşına yaxınlaşaraq sürücüsünə Milli Park ərazisində avtomaşın saxlanılmasının qadağan olduğunu və avtomaşını burada saxlamamasını bildirsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, daha sonra ərazidən uzaqlaşmışdır. Həmçinin bildirmişdir ki, maşında həmin vaxt bir xanım da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri X4 şahid X1 izahatına uyğun izahat vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 02:30 radələrində idarə etdiyi “Volsvagen Passat” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomaşını, avtomaşındaolan digər şəxslə birlikdə “Dənizkənarı” Milli Parka sürərək qadağan olunmuş yerdə saxlamış, bununla da ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin ona həmin vaxt yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 10 (on) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-481/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-481/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver