Məhkəmə qərarları › İş №3(009)-481/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-481/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-481/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştiraklarıı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 06 noyabr 2024-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqinda Qərarı ilə barəsində Azərbaycan Respublikasının İXM-nın 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilərək inzibati xətanın obyekti olmuş 262852.00 ABŞ dolları məbləğində pul vəsaitinin 10 faiz miqdarında yəni 26,285.20 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 06 noyabr 2024 cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını əsassız hesab edir. Göstərilənləri aşağıdakılar ilə əsaslandırır. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi üçün eləcə də hüquq və vəzifələri izah olunmadığı üçün bütün bu təsdiq edən sübutları inzibati orqan olan Mərkəzi bank təqdim edə bilməmişdir. İnzibati orqan isə inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qanunsuz qərar çıxarmışdır. İnzibati orqan tərəfindən yazılmış protokol düzgün tərtib edilməmiş həmçinin təqsirimin olub olmadığını araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsində qeyd edilənləri müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli qərar ilə X4 262852.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bank hesabından 05 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 262852.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 06 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsi, işlər görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, X4 tərəfindən xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüş 262852.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi təqdim edilmiş gömrük bəyannaməsi ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cüi maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar